Siyasət

İrəvan niyə narahatdır?


Tbilisinin İrəvana sözü, Pezeşkiyanın səfəri və ermənilərin sülh anlayışı

Ermənistanın ağrıları başlayıb, amma nəyə hamilə olduğu hələlik bəlli deyil. Əsas dərdi Azərbaycandır, deyə bilərik, amma qonşularına çamur atmağından da qalmır. Paşinyan uzaq Baltik dənizi sahilində özünə dost axtardığı bir vaxtda cənub qonşusu İranın Prezidenti Azərbaycana səfər etdi. Mislindən də artıq qarşılanma mərasimi oldu, ikitərəfli müqavilələr, müxtəlif sahələrdə əməkdaşlığı özündə əks etdirən sənədlər imzalandı. Üstəlik də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab etdiyini Bakıdan da bəyan etdi. Ermənilərin son ümidi də qırıldı, daha doğrusu, birdəfəlik dəfn edildi.

Səfərdən aldıqları “təəssürat” erməni cəmiyyətində bədbinlik tonusunu bir neçə dəfə qaldırıb. Əsəblər gərilib, günahkar axtarışına çıxanların sayı artıb, dövlət ərkanları hədəfə alınıb. Revanşistlərin əllərinə fürsət düşüb, hətta erməni xalqını talayan keçmiş prezidentlər, Xocalı qatilləri hakimiyyətin üzərinə daha iştahla yürüməkdədirlər. Niyə? Çünki Paşinyanın erməniləri “işğalçı” imicindən yayındırmaq üçün etdiyi cəhdlər bəhrəsini verməkdədir. Qonşularla intriqanın nələrə gətirib çıxartdığının əyani sübutu kimi 44 günlük müharibəni göstərən baş nazir revanşistlərə “yol xəritəsi”ni təqdim etsə də, cavab gecikir. İrana ümid bağlayan ermənilər düşünürdülər ki, proses onların planlaşdırdığı istiqamətdə inkişaf edəcək. Beynəlxalq qanunlardan bixəbər olan “hay”lar zənn edirdilər ki, İran bütün normaları pozacaq, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin ermənilərə məxsusu olduğunu deyəcək, ya da buna işarə vuracaq. Amma, olmadı, Pezeşkian Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın kimə məxsusu olduğunu bəyan etdi.

Çox böyük problem: nə etməli?

Erməni mətbuatı, “zəncir gəmirir”, içində olan-qalan nə varsa çölə tökür, iftira yağdırmaqda davam edir. “Armenianreport” saytı “yaxşı, nə edəcəyik, necə reaksiya verəcəyik?”, sualı ilə başlayan məqalə dərc edib. Onu qısaldılmış şəkildə təqdim etmək istəyirik: “Təkcə İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri faktı ilə deyil, həm də onun Bakıda söylədiyi hər şeylə bağlı fikirlər birmənalı deyil. Pezeşkian orada çoxlu lazımsız sözlər dedi, yumşaq desək. “Azərbaycan xalqının hüquqlarına hörmət edilməli və Qarabağ Azərbaycanın olmalıdır” bəyanatından başlayaraq. Bunu o, azərbaycanlı həmkarı ilə görüşündə deyib. Bəs İran İslam Respublikası prezidentinin Qarabağ adlandırdığı “artsax” sakinlərinin hüquqları necə? Təkcə “artsax”ın deyil, həm də Ermənistan ərazilərinin bir hissəsinin işğalı ilə nə etmək lazımdır? Azərbaycanın “artsax”da etnik təmizləməyə görə məsuliyyəti necədir? Xeyr, Məsud Pezeşkian bu barədə heç nə deməyib. Həm də təkcə azərbaycanlı olduğuna görə yox. Biz sadəcə olaraq rəsmi Tehranın mövqeyinin dəyişməsini izləməklə məşğuluq.

Tehran Bakı ilə əlaqələrin qurulmasını sürətləndirməkdə o qədər qətiyyətli idi ki, İran prezidenti Azərbaycana Şəhid Rəcai limanında baş verən partlayışla bağlı ölkəsində milli matəm elan etdiyi gün gəlib. Bundan başqa, səfər günü dərhal bildirilib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən Yasin Hüseynzadəyə qarşı hökmün icrası ilə bağlı İranda bütün hazırlıq prosedurları başa çatıb. “İcra et, bağışlaya bilməz” cümləsində vergülün hara qoyulması sualının cavabı budur. Bəli, İran prezidenti müasir Azərbaycanın əslində nə olduğunu bizə xatırlatmaqdan həzz aldığını danmadı. “Burada olduğum üçün özümü yad ölkədə hiss etmirəm. Sanki Təbrizdə, Ərdəbildə olmuşam. Sanki doğulub boya-başa çatdığımız və yaşadığımız İran Azərbaycanındayıq”, – o vurğulayıb.

Bu arada, eyni plana əsasən, İran Azərbaycanla dialoqun qurulması üçün hər şeyi etməyə dəyər verir. Bu da təbii ki, Ermənistanın İran üçün əhəmiyyətinin azalması kimi şərh edilə bilər. İstədiyiniz qədər inkar edə bilərsiniz, amma bu, reallıqdır. Buna əmin olmaq üçün mayın 8-də Azərbaycana dövlət səfəri edəcək İsrailin baş naziri Benyamin Netanyahunun ayın 11-nə kimi orada qalacağı xəbərini oxumaq kifayətdir. Səfər zamanı Netanyahunu həyat yoldaşı Sara müşayiət edəcək. Kanın sözlərinə görə, səfər zamanı Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. Bu müzakirələrdə İran məsələsinin xüsusi yer tutacağı aydındır. Bəli, Azərbaycan necə baxsan, bu münaqişədə də vasitəçi rolunu oynaya bilər. Bakının uğurlu vasitəçi olacağı danılmazdır. Təəssüf ki, Ermənistan belə bir rol oynaya bilmir. Əvvəla ona görə ki, İsraildə ölkəmizi bu statusda görmürlər.

Bir neçə gün əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələri arasında Suriyada tərəflər arasında toqquşmaların qarşısının alınması mexanizminin yaradılmasına həsr olunmuş görüş keçirilib. İsrail baş nazirinin səfərindən sonra may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Formal olaraq iki səfər arasında heç bir əlaqə yoxdur. Rəsmi olaraq Türkiyə mənbələri xəbər verir ki, Ərdoğan ikitərəfli hökumətlərarası komissiyanın dördüncü birgə iclasında iştirak etmək üçün Azərbaycan paytaxtına səfər etmək niyyətindədir. Ancaq biz hamımız böyüklərik və hər şeyi mükəmməl başa düşürük. İstisna deyil ki, rəsmi Bakının bütün bu hərəkətləri son nəticədə ABŞ prezidenti Donald Tramp tərəfindən də qiymətləndiriləcək.

Bəs Tramp “artsax”ın Azərbaycana məxsus olması ilə bağlı nəsə desə, rəsmi Bakı ilə yaxınlaşma kursu elan etsə, biz nə edəcəyik? Məsələ burasındadır ki, necə baxsanız da, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün heç bir real mexanizmimiz yoxdur. Və bu, çox böyük problemdir.

Ermənistana səfər və…

Gürcüstan prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfər edib, səfər zamanı həmkarı Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Gürcüstan nümayəndə heyətində prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, Xarici İşlər Nazirliyi rəhbərinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski, deputatlar Samvel Manukyan və Sumbat Kyuregiani də olub. Xaçaturyanla danışıqlardan sonra Kavelaşvili bəyan edib ki, Ermənistan Gürcüstanın ən mühüm ticarət tərəfdaşlarından biridir. O xatırladıb ki, 2024-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

Prezidentlər öz respublikalarının ərazi bütövlüyünü tanıdıqlarına görə minnətdarlıqlarını bildiriblər, bundan sonra Kavelaşvili diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəltmək qərarına gəlib. Onun sözlərinə görə, İrəvanı uğurlu və mütərəqqi etmək Tbilisinin maraqlarına cavab verir. Bu, digər məsələlərlə yanaşı, Cənubi Qafqazda sülh və sabitlik tələb edir. “Gürcüstan Ermənistan və Azərbaycanın 2025-ci il martın 13-də sülh sazişinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını birmənalı olaraq alqışlayır. Biz hesab edirik ki, bu, Cənubi Qafqazın sülh, təhlükəsiz, sabit və inkişaf etmiş regionunun yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır. Ümid edirik ki, orada Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülhün pozitiv inkişafı ilə bağlı saziş imzalayacaq. Cənubi Qafqaz və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə qaldırıb”, – deyə Kavelaşvili vurğulayıb.

Xaçaturyan cavabında bildirib ki, Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. “Ümid edirik ki, biz Azərbaycanla sülh yarada bilərik. Ermənistan Gürcüstanın bu məsələdə dəstəyini yüksək qiymətləndirir… Biz sizin üçtərəfli platforma yaratmaq təşəbbüsünüzü və bu son dərəcə mühüm məsələdəki rolunuzu alqışlayırıq. Biz həmçinin bir sıra beynəlxalq, ərazi və qlobal məsələləri müzakirə etdik…” – Xaçaturyan bildirib.

Paşinyanla danışıqlar eyni mövzulara həsr olunub: ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazın inkişafı və Ermənistan-Azərbaycan münaqişəsinin həlli. Volski bunu Gürcüstanın regional təhlükəsizliyi təmin etmək potensialına malik olması ilə izah edib. Bütövlükdə, deputatın dediyi kimi, səfəri müşayiət edən simvolizm vacibdir. Kavelaşvili prezident kimi ilk xarici səfərini Azərbaycana, ikincisini isə Ermənistana edib. “Qonşularımızla, xüsusən də strateji tərəfdaşımızla münasibətləri inkişaf etdirmək bizim xüsusi maraqlarımızın sahəsidir”, – Volski əmin edib.

Politoloq Gia Abaşidzenin verdiyi məlumata görə, Gürcüstanın Ermənistan və Azərbaycana marağının artması digər məsələlərlə yanaşı, Aİ nümayəndələrinin diplomatik əlaqələr qurmaq istəməməsi ilə bağlıdır. “Avropalı bürokratlar Tbilisidən inciyiblər, çünki o, öz dövlətçiliyinin qorunmasına yönələn qondarma Rusiya qanunlarını qəbul edir. Bunun fonunda Gürcüstan çoxvektorlu siyasətini davam etdirir. Xüsusilə, Kavelaşvili sələfi Salome Zurabişvilinin unudulmuş Ermənistan və Azərbaycana daha çox diqqət yetirmək qərarına gəlib, gələcəkdə isə Çinə səfərini gözləyə bilərik”, Abaşidze bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, ekspertin fikrincə, Gürcüstan Cənubi Qafqazın çiçəklənməsində maraqlıdır və bu cür qarşıdurmalara son qoyulmadan buna nail olmaq mümkün deyil. “Əvvəllər Tbilisi artıq İrəvan və Bakıya hərbi əsirləri azad etmək və minalanmış ərazilərin xəritələrini əldə etməkdə kömək edib. İndi biz görürük ki, Gürcüstan platformasında erməni və azərbaycanlı diplomatlar arasında dialoq qurulur. Gürcüstan da Ermənistan və Azərbaycanın iştirak edəcəyi iqtisadi layihələrin həyata keçirilməsində maraqlı olardı”, – Abaşidze qeyd edib.

“Kavelaşvilinin səfəri mühüm və simvolikdir: bu, Gürcüstan prezidentinin dövlət başçısı vəzifəsinə seçildikdən sonra ilk xarici səfərlərindən biridir. Ermənistanla Gürcüstan arasında münasibətlər nümunəvi və əhəmiyyətlidir, o cümlədən regional proseslər kontekstində. İndi hər zamankından daha çox mühümdür ki, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün yeni təmas nöqtələri yaradılsın”, Conni Melikyan deyib.

O qeyd edib ki, Aİ və ABŞ-dan olan ənənəvi tərəfdaşlarla münasibətlərdə mövcud böhran bütün müstəqillik illərində Tbilisi üçün ən çətin sınaqlardan birinə çevrilib. “Bu kontekstdə qonşu dost dövlətlərin dəstəyi hər zamankindən daha faydalı olacaq. Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfəni, eləcə də Tbilisinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyi yardımı qeyd etmək vacibdir. Ermənistan tərəfi Gürcüstanın səylərini və təşəbbüslərini həmişə yüksək qiymətləndirib və qiymətləndirir. Lakin bütün bu ikitərəfli və üçtərəfli əməkdaşlıq platformalarının yaradılması üçün Gürcüstanın əsasən Bakı ilə bağlı səylərini və təşəbbüslərini qiymətləndirir”, deyə Melikyan yekunlaşdırıb.

V.VƏLİYEV