Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq. SİA xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır:
“Məlum olduğu kimi, aprelin 30-da dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin açılış mərasimi keçirildi. Belə ki, tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisələri fəaliyyətə başladı.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatdıb.
Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək”.
O, qeyd olunan müəssisələrin məhsullarının müxtəlif ölkələrə ixrac ediləcəyini bildirib:
“Fəaliyyətə başlayan bu iki müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, ilk mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik də iş yerinin yaradılması nəzərdə tutulur.
İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.
Bundan başqa qeyd edim ki, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar”.
E.Hacıyev cari ilin birinci rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisinin 13,5 faiz olduğunu diqqətə çatdırıb::
“Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ə böyük sənaye parkıdır ərazisi 613 hektardan çoxdur. Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İsahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 min 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 min 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,88 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb.
Bu ilin birinci rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 faiz, ixracında isə 26,1 faiz təşkil edib”.