“Bu hal uşağın üzərindən pul qazanmaq sayılır”
“Hər hansı bir uşağın şəklinin ticarət, alver məqsədi ilə, yaxud da başqa niyyətlə, pul qazanmaq məqsədilə sosial şəbəkələrdə paylaşılması uşaq əməyinin istismarıdır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Rafiq Alışov deyib.
Onun sözlərinə görə, bəzi şəxslər var ki, hansısa uşağın şəklini paylaşırlar, guya uşağın xəstəliyi ilə bağlı şəkil paylaşıb kart nömrəsi qoyurlar ki, uşağın müalicəsi üçün filan qədər pul lazımdır: “Bu, uşağın istismarı, uşağın üzərindən pul qazanmaq sayılır. Bundan birbaşa cinayət məsuliyyəti olmasa da, burada hər hansı mülki məsuliyyət var. Uşağın adından pul qazanmaq, gəlir əldə etməkdir. Əslində bu, tamah niyyəti ilədir. Bu halda istismar sayılır.
Amma hər hansı valideyn uşağı yaxşı şeir deyirsə, məzəli əhvalat danışırsa, bunu paylaşırsa, burada istismar yoxdur. Mən görmüşəm, bəzi rayonlarda 2-3 yaşında uşaq araq masasında əyləşib, kimlərinsə sağlığına içirdirlər. Bu da uşağın birbaşa tərbiyəsinə təsir göstərən hallardır. Ona görə də, bunları ayırmaq lazımdır ki, məqsəd nədir, niyyət nədən ibarətdir? Bu halda istismar sayılır ki, orada uşağın üzərindən pul qazanılır, hansısa başqa niyyət olur. Amma valideyn tərəfindən hansısa uşağın şəklinin paylaşılması, yaxud da, paylaşılan hansısa şəklin başqa şəxs tərəfindən paylaşılması istismar sayılmır”.