Zaqatalada qanunsuz ağac kəsənlər barədə tədbirlər görülüb
Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağackəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin bu ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxlu ağacın bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.
İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.