Trampın Qrenlandiya ilə bağlı yeni planı
Vaşinqtonda ABŞ-ın Qrenlandiyanı təsir dairəsinə cəlb etməklə bağlı yeni planı müzakirə olunur. SİA xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb. Agentlik qeyd edir ki, bu dəfə birbaşa ilhaq əvəzinə, daha əvvəl Sakit okeandakı bir neçə ada dövlətinə tətbiq edilmiş əlaqələrin gücləndirilməsi sxemindən istifadə oluna bilər. İki amerikalı rəsmi və müzakirələrdən xəbərdar olan başqa bir şəxsə istinadən bildirilir ki, Tramp administrasiyası Qrenlandiya rəhbərlərinə ABŞ ilə azad assosiasiya sazişi təklif etmək variantını nəzərdən keçirir. Bildirilir ki, keçmişdə belə razılaşmalar Mikroneziya, Marşall adaları və Palau kimi kiçik ada dövlətləri ilə imzalanıb. Hər bir razılaşmanın şərtləri bir qədər fərqli olsa da, ümumilikdə bu sazişlər çərçivəsində ABŞ hökuməti həmin mikro-dövlətlərə poçt xidmətindən tutmuş hərbi müdafiəyədək bir sıra xidmətlər göstərir. Əvəzində isə Amerika ordusu bu ölkələrin ərazilərində sərbəst fəaliyyət hüququ əldə edir. Bundan əlavə, bu ölkələrin ABŞ-la ticarəti əsasən gömrük rüsumundan azaddır. Bu variant Trampın Qrenlandiyanı ABŞ-ın tamhüquqlu hissəsinə çevirmək niyyətinə alternativ kimi irəli sürülür. Mənbələrin sözlərinə görə, bu, Vaşinqtonda müzakirə olunan Qrenlandiya ilə bağlı yeganə plan deyil, çünki bu istiqamətdə bir çox praktiki maneələr mövcuddur.