Siyasət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Polşada qeyd edilib


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunması çərçivəsində Polşada silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Səfir Nərgiz Qurbanova başda olmaqla səfirliyin heyəti, eləcə də Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin aparatının əməkdaşları Ulu Öndəri ehtiramla yad ediblər.

Polşanın ilk paytaxtı və dini mərkəzi olan Qnezno şəhərində yerləşən və üzərində Ümummilli Lider Heydər Əliyevin və polşaəsilli Roma papası II İonann Pavelin Azərbaycan haqqında fikirləri əks olunmuş Azərbaycan-Polşa “Dostluq” abidəsi ziyarət edilib. Səfir N.Qurbanova, Qnezno şəhərinin merinin birinci müavini Yoanna Şmiqelska, Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin aparatının rəhbəri N.Nağdəliyev, həmçinin səfirliyin heyəti və meriya əməkdaşlarının iştirak etdiyi tədbirdə “Dostluq” abidəsinin üzərinə əklil qoyulub. Səfir iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqil Azərbaycanın yenidən qurulmasında Ümummilli Liderin rolundan söhbət açıb.

Səfirlikdə həmçinin, Varşava İqtisadiyyat Məktəbinin Xarici Əlaqələr üzrə Tələbə Elmi Klubu tərəfindən mühazirə təşkil olunub.

Dahi rəhbərin digər ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi siyasətini xüsusilə vurğulayan səfir bu kontekstdə Azərbaycan ilə Polşa arasında əməkdaşlıq münasibətləri və tarixi əlaqələr barədə məlumat verib. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub və Ulu Öndərin səfirlikdəki büstünün önündə xatirə şəkli çəkilib.