Papa XIV Leo kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Kardinallar Kollegiyasının üzvlərinə müraciətində kilsənin yeni sənaye inqilabına və süni intellektin inkişafına cavab verməsinin vacibliyini qeyd edib. SİA xəbər verir ki, Roma Papası kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb.
“Bu gün kilsə başqa bir sənaye inqilabına və süni intellektin inkişafına cavab olaraq, öz sosial təlim xəzinəsini bütün bəşəriyyətə təqdim edir”, – deyə o bildirib.
XIV Leo ad seçiminin səbəbini açıqlayan Roma Katolik Kilsəsinin rəhbəri bu adın kilsənin insan ləyaqətinə və sosial ədalətə olan daimi sadiqliyini əks etdirdiyini deyib.
Bundan başqa, Papa XIV Leo Romadakı Santa Maria Maggiore Bazilikasında mərhum Papa Fransiskin məzarını da ziyarət edib.
Qeyd edək ki, Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr Meydanında və ətrafında isə 250 min insanın toplanması gözlənilir.