Siyasət

Almatıda “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” baş tutub


Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Forumda Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatıdakı baş konsulu Evren Müderrisoğlu, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenov (video çıxış), Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzə, Qazaxıstanın əməkdar elm xadimi, professor Ərpolat Əliyəddinoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İpəkyolu” İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, tarix üzrə fəlsəfə doktoru İqor Krupko və Azərbaycan ilə Qazaxıstanın tanınmış elm adamları və siyasi xadimləri çıxış ediblər.

Tədbirin açılışında çıxış edən səfirliyin nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışaraq, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu da türk birliyinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyev öz müdrikliyi və geniş dünyagörüşü ilə yaşadığı dövrün fövqündə dayanmış bir lider idi.

Milli Məclisin deputatı Naqif Həmzə çıxışında Qərbi azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasından bəhs edərək bildirib ki, Azərbaycan sərhədlərinin yaxınlığında soydaşlarının yaşadığı yeganə ölkədir.

UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, yazıçı Oljas Süleymenov video çıxışında Heydər Əliyevin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb. O, Ulu Öndərin şəxsiyyətindən öyrəniləcək çox şey olduğunu bildirib.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müstəqil türk respublikalarının inkişafını vurğulayaraq, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin bir çox ölkədə keçirildiyini bildirib. O, Qazaxıstanın didərgin millətlər üçün ikinci vətənə çevrildiyini qeyd edib.

Layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər çıxışında Qərbi Azərbaycana dönüşün Qarabağa dönüş kimi reallaşacağına inamını ifadə edib:

“Biz o torpaqlara – o türk yurduna mütləq qayıdacağıq. Doğum gününü qeyd etdiyimiz Ulu Öndərimiz Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında ehtiramla baş əyir, Prezidentimizin əsgəri olaraq sözlərimi cənab İlham Əliyevin bu fikri ilə tamamlayıram: “Bizim ailəmiz Türk dünyasıdır və biz birlikdə güclüyük”.

Daha sonra “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu ilə “Türk dünyasında yeni çağırışlar” adlı panel keçirilib.

Paneldə “Goodwill AqNiet” İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova və “Qazaxıstanın Art Forumu” Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat iştirak ediblər. Panel müzakirələrində Türk Dövlətləri Təşkilatının fəaliyyəti və türk respublikaları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub.

Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı siyasətini əks etdirən görüntülər, eləcə də Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizə dair fotolar nümayiş olunub.

Tədbirin sonunda yekun bəyanat qəbul edilib və xatirə şəkli çəkdirilib.