“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir
İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir. SİA quruma istinadən xəbər verir ki, Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.
Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.