Sosial

Kibertəhlükəsizlik mövzusunda təlim keçirilib


14 may tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir.

Təlimdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nın rəisi Samir Rəsulov açılış nitqi ilə çıxış edib.

Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamanda media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önə çəkilib.

50-dən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlim sessiyalarında adı çəkilən qurumların aidiyyəti sahə üzrə ekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi tərəfindən kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub.

Hər sessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.