“Vətəndaşlara çağırışımız sadədir”
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Metodologiya və Təlim Şöbəsinin müdiri Adil Aslanovun SİA-ya müsahibəsini təqdim edirik:
– Üçtərəfli bəyanatın imzalandığı gündən bu günə işğaldan azad olunmuş ərazilərimizdə hansı işlər görülüb və daha nələr planlaşdırılır?
– Mina bəşəriyyətin problemidir. Azərbaycan hələ də birinci Qarabağ müharibəsindən qalan mina problemi ilə mübarizə aparır. İndiyə kimi də birinci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlar təmizləmə əməliyyatları zamanı rastımıza çıxır. Vətən müharibəsindən sonra ANAMA-nın fəaliyyətinin miqyası daha da genişləndi. Bu ərazilərdə ilk növbədə prioritet olaraq yollar, kommunikasiya xətlərinin təmizlənməsi həyata keçirildi. Biz ANAMA olaraq ərazilərdə fəaliyyət göstərərkən kifayət qədər çətin ərazilərlə, istehkamlarla rastlaşırıq. Həmin ərazilər qarışıq mina sahələri, eləcə də əldəqayırma partlayıcı qurğularla ciddi şəkildə çirkləndirilib. Məqsədimiz, bu ərazilərə insanların təhlükəsiz geriyə qayıdışıdır, onların təhlükəsizliyini təmin etmək üçün ilk növbədə yaşayış məntəqələri və ətrafdakı əraziləri mina təhlükəsindən azad etməkdir. Bu, Böyük Qayıdış dövlət proqramı çərçivəsində önümüzdə duran ən vacib prioritetlərdən biridir. Bu gün biz artıq minatəmizləmə əməliyyatlarını müxtəlif yeni texnologiyalar tətbiq etməklə icra edirik.
– Hansı ərazilərdə minalar daha çoxdur? Həmin ərazilərdə hansı növ minalar üstünlük təşkil edir?
– Aparılan minatəmizləmə əməliyyatları zamanı əsasən keçmiş təmas xətti boyunca minaların sıx yerləşdiyini müşahidə edirik. Minaların xaotik basdırılması onların tapılmasında çətinlik yaradır. Bir çox hallarda düşmənin istehkamlarının önündə əldəqayırma partlayıcı qurğular, tələ minalara rast gəlirik. Həmçinin su hövzələri, meşə zolaqlarındakı cığırlara da minaların basdırılmasını təmizləmə əməliyyatı zamanı müşahidə edirik.
– Minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən istifadə olunur. Bu itlərin əməliyyatlardakı rolu nədən ibarətdir?
– Minatəmizləmə əməliyyatlarında itlərin dəstəyindən bütün texniki tədqiqiat və minatəmizləmə əməliyyatları zamanı, eləcə də evlərin, ictimai obyektlərin axtarışında istifadə olunur. Bir itin əsas hədəfi partlayıcı maddənin qoxusudur. İt o qoxunu alarkən öz bələdçisinə işarə verir. Hər bir cığır üzrə təmizləmə əməliyyatlarında 2 minaaxtaran itin (MAİ) əməliyyatı icra edilir, ilk olaraq bir MAİ yoxlayır, ərazidə heç bir minanın ötürülmədiyinə əmin olmaq üçün isə ikinci MAİ-i tərəfindən təkrar yoxlanılır. Beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq mütəmadi olaraq minaaxtaran itlərin iyləmə qabiliyyətləri qiymətləndirilir.
– Bu proseslərdə dronlardan da istifadə olunur. Fəaliyyətinizdə hansı müsbət təsirləri var?
– Artıq texnologiya inkişaf edir. Yeni proqramlar və havadan uçuş vasitələri ilə yerin tərkibində olan bəzi koordinatları araşdırmaq mümkün deyil. Bütün dronlar və onlara birləşdirilmiş kameralar, radarları müharibədən sonra sınaqdan keçirdik. Birmənalı olaraq dronların effekti ondan ibarətdir ki, ərazinin birinci fotosunu, videosunu çəkir. Həmin ərazilərdə bizə vacib olan məlumatları toplayırıq. Bu məlumatlar hərbi istehkamlar, vurulmuş texnikalar, partlamış mərmilərin çalalarıdır. Hər biri bizim diqqət yetirəcəyimiz məlumatlardır. Amma dronlar hələ də minaların dəqiq tapılması üçün əsas deyildir.
– ANAMA xaricdə təlim keçmiş siçovullardan da istifadə edib. Nə qədər effekt verdi? Yenə də istifadə edilir?
– Siçovullardan istifadə ilk dəfə Kambocada tətbiq edilib. Onların iybilmə qabiliyyəti itlərdən daha üstündür. Lakin onların da öz çətinlikləri var. Siçovullar müəyyən hava şəraitində fəaliyyət göstərirlər. Minatəmizləmə fəaliyyətində ən səmərəli vasitələr əl ilə təmizləmə, uzaqdan idarə olunan mexaniki vasitələr və minaaxtaran itlər hesab olunur.
– Vətəndaşlara mina təhlükəsi ilə bağlı çağırışınız nədir?
– Vətəndaşlara çağırışımız sadədir. Bələd olmadıqları ərazilərə daxil olmasınlar, naməlum əşyalara toxunmasınlar. Səbirli olmaq, qaydalara əməl etmək – həyatla ölüm arasındakı fərqdir. Təhlükəli hallarla rastlaşdıqları halda 805, 102 və ya 112 qaynar xətlərinə məlumat versinlər.