Siyasət

ADA Universiteti və “Bayraktar Texnoloji Azərbaycan” Memorandum imzalayıblar


ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, mayın 15-i keçirilən imzalama mərasimində sənədi ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev və “Bayraktar Texnoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.

Sənədə əsasən tərəflər çoxşaxəli akademik fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Hər iki qurum tədris prosesinin təkmilləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi, ortaq kursların hazırlanması, tələbə və müəllimlər üçün təlimlərin icrası da daxil olmaqla qarşılıqlı maraqdan irəli gələn bir sıra istiqamətlər üzrə tərəfdaşlıq edəcəklər.

Həmçinin Memorandum çərçivəsində birgə tədqiqat layihələri irəli sürüləcək, konfrans və seminarlar təşkil ediləcək.

Razılaşmaya əsasən, ADA Universitetinin tələbələri üçün “Bayraktar Texnoloji Azərbaycan”da təcrübə və iş imkanları yaradılacaq.

Memorandumun qüvvədə olduğu üç il ərzində tərəflər birgə fəaliyyəti təşviq etmək məqsədilə mütəmadi olaraq əməkdaşlığın qiymətləndirilməsi və gələcək təşəbbüslərin müzakirəsi üçün görüşlər təşkil edəcəklər.