Sosial

NİİM sürücülərə müraciət edib


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) son zamanlar artan motosiklet qəzalarına əsasən sürücüləri diqqətli olmağa çağırıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.

Məlumatda qeyd olunub ki, ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyadanı motosiklet vurub. Digər bir anoloji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb:

“Sürücülərin nəqliyyat vasitəsini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik sonda piyadaların vurulması ilə nəticələnir. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda, hələ də piyadalar təhlükə ilə üz-üzə qalmaqda davam edirlər”.

DİN bir daha xatırladıb ki, keçidə daxil olduqları andan etibarən piyadalara yol vermək sürücülərin vəzifəsidir və bu qaydaya əməl etməməyə görə məsuliyyət daşıyırlar.