Sosial

20 ilin əzmi, məsuliyyəti və nəticəsi


Dövlət o vaxt güclü olur ki, ətrafında birləşən strukturlar üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, dövlətə və dövlətçiliyə öz töhfəsini verə bilir. Nəzərə alsaq ki, vətəndaş məmnunluğu da dövləti gücləndirən amillərdən biridir, bu zaman həmin qurumlar ikiqat məsuliyyət daşıyır. Bu il yaradılmasının 20 ili tamam olan Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində icra etməli olduğu vəzifələri daim böyük əzm və məsuliyyətlə həyata keçirməklə dövlətə sadiqlik nümayiş etdirmiş, yaranan və yarana biləcək təhlükələrdə vətəndaşın xilaskarı olduğunu göstərmişdir.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli Qanununun tətbiqi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 15 may 2025-ci il tarixli Fərmanı qurumun fəaliyyətinə dövlət qayğısının növbəti təzahürüdür. Həm də artıq bu qayğı 20 ildə dördüncü dəfədir ki, bu struktura göstərilir. Belə ki, Fövqəladə Hallar Nazirliyi yaradılmasının 5, 10, 15-ci illərində də dövlətimiz tərəfindən yubiley medalları təsis olunub. Yubiley medalı ilə fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər, həmçinin mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edənlər təltif edilır.

Milli təhlükəsizlik və vətəndaş rifahı naminə

Bir ölkənin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, vətəndaşların təhlükəsizliyi və həyat səviyyəsi ilə də ölçülür. Fövqəladə hallarla mübarizə yalnız operativ yardım deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu sahəyə xüsusi diqqət ayırması onun strateji sahə olduğunu təsdiqləyən amildir. Elə bu səbəbdən də dövlət başçısının 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı.

FHN ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.

Beləliklə, yarana biləcək təhlükəli vəziyyətin qarşısının alınmasında və baş verən hər hansı bir hadisədə həyatı təhlükə ilə üz-üzə qalan FHN əməkdaşlarını görmək olur. Və gördükcə də bu qənaət yaranır…

Təhlükə harada, FHN əməkdaşları orada

İnsan həyatı üçün yaranan və yarana biləcək bütün təhlükəli anlarda FHN əməkdaşları vətəndaşların yanındadır. Biz onları dəhşətli yanğınlar zamanı da görmüşük, balkondan asılı qalan uşağı, qocanı, deformasiyaya uğramış nəqliyyat vasitələrindən insanları xilas edərkən də, sel-daşqınların vurduğu zərərləri aradan qaldırarkən də, suda batmaq üzrə olan insanı xilas edərkən də. Yəni hər bir təhlükəli anda ilk olaraq onlar gözə dəyir.

Vəzifə başında həyatını itirən, xəsarət alan FHN əməkdaşları da az deyil. Odur ki, Azərbaycan vətəndaşı da bu qurumun əməkdaşlarına sayğı ilə yanaşır. Çünki onlar vəzifə borcunu həyata keçirməklə yanaşı, həm də insanların düşdüyü ağır vəziyyətlərin şahidi olaraq ürəkağrısı keçirir, yeri gələndə onlarla birlikdə duyğulu anlar yaşayırlar.

Təhlükəsizlik dedikdə ilk göz önünə gələn qurumlardan olduğu üçün FHN-i böyüklü-kiçikli hər tədbirdə görmək olur. Buna yaxın zaman kəsiyində baş verən tədbir və hadisələrin fonunda nəzər alaq.

Ötən il ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı nazirliyin bütün qüvvələri səfərbər olunaraq obyektlərin, o cümlədən tədbir keçirilən məkanların, otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı yerlərin, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri keçirildi, müvafiq tədbirlərin görülməsi təmin edildi. Həmin obyektlərdə çoxsaylı təlimlər keçirilərək fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparıldı. Həmçinin, tədbir ərəfəsində və tədbir günlərində mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək gücləndirilmiş iş rejimində çalışdı. Nəticədə isə dünyanın çoxsaylı ölkəsindən gələn qonaqlar burada heç bir təhlükəli məqamla qarşılaşmadı.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə peşəkar psixoloqlar, həkimlər xilasedicilər, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Fövqəladə Hallar Nazirliyinə aid zəruri vasitələrlə təchiz olunmuş təyyarə ilə Aktau şəhərinə göndərildi. Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə psixoloji yardım göstərildi, həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirildi. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görüldü. Hətta aparılan qəza-xilasetmə əməliyyatında iştirakına görə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olundu.

FHN əməkdaşlarının nəinki ölkəmizdə böyük məsuliyyətinin, yeri gələndə qonşu yardımına da əzmlə getdiyinin şahidi olmuşuq. 2017-ci ilin avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə dövlətimizin başçısının tapşırığına əsasən FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi cəlb edilmiş və qonşu ölkəyə ezam olunmuş FHN əməkdaşları orada böyük əzmlə fəaliyyət göstərmişlər.

2023-cü il fevral ayının 6-da Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığ bölgələrində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ miqyasına, dağıntılara və insan itkisinə görə əsrin fəlakəti kimi xarakterizə edilir. Həmin vaxt dövlət başçısının göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın FHN xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak etdi. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına verdi.

FHN əməkdaşları Türkiyədə eyni zamanda zəlzələnin dağıntılarının aradan qaldırılmasında və zərər görənlər üçün çadırların qurulmasında və digər işlərin görülməsində də yaxından iştirak edirdilər.

Bir vətəndaş kimi Vətən müharibəsində

2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində torpaqlarımızınn işğaldan azad edilməsində də FHN əməkdaşlarının həm bir vətəndaş, həm də vəzifəsini həyata keçirən şəxs kimi əzm və hünərini gördük.

Mənfur düşmən Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı və digər əraziləri atəşə tutduğu müddətdə FHN-nin yanğınsöndürənləri atəş altında öz vəzifələrini layiqincə yerinə yetirirdilər.

FHN əməkdaşları ermənilərin mülki əhalinin yaşadığı şəhərlərə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımızın axtarış və xilasetmə işlərində iştirak edir, nazirliyin hərbi qulluqçu və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirirdi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində də onlar iştirak edirlər.

Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyindən 19 nəfər iştirak edərək şərəfli döyüş yolu keçib və Mülki Müdafiə Qoşunlarından 1 nəfər şəhid olub.

20 il və uğurlu nəticə

20 il əvvəl Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlandı. Dövlətimizin başçısının diqqəti sayəsində nazirliyin maddi-texniki bazası gücləndirildi, kadr hazırlığının təşkili, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olundu. Ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr, cihazlar alındı, yeni inzibati binalar tikilərək istifadəyə verildi.

Ötən dövrdə nazirliyin kadr potensialının artırılması və bu istiqamətdə mühüm tədbirlərin görülməsi də Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Odur ki, dövlət başçısının 2008-ci ildə imzaladığı Sərəncama əsasən yaradılan Fövqəladə Hallar Nazirliyinin Akademiyası bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2009-cu ildən fəaliyyətə başlayan və elə həmin il də ilk qəbulu həyata keçirən akademiya 2013-cü ildə ilk məzunlarını buraxmışdır.

Dövlət başçısının ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlarla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi, onların 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Tərəqqi”, “Hərbi xidmətlərə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə”, 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” və “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalları ilə təltif olunması bu sahədə çalışanların əməyinə dövlət qayğısının göstəricisi olmaqla yanaşı, gənc kadrlarda ruh yüksəkliyi yaradan amildir.

Bu gün ölkədə bir rəy sorğusu keçirilsə və “insanlar fövqəladə hallarda ilk kimin gələcəyinə inamla baxa bilirlər” sualı verilsə, əminliklə deyə bilərik ki, cavab belə olacaq: FHN əməkdaşları.

Heç şübhəsiz ki, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq göstərən nazirliyin qüvvələri bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanacaqlar.

Ötən 20 ildə fəaliyyəti ilə sözünü deyə bilən, milli təhlükəsizlik sistemində özünü təsdiqləyən bu qurumu həm yubileyi, həm də 20 illik yubiley medalının təsis olunması münasibətilə təbrik edir, xilasedicilərə bütün təhlükələrdən xilas olmalarını arzu edirik.

Mətanət Məmmədova