Tramp 175 milyard dollarlıq raketdən müdafiə sistemi qurmaq planını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ağ evdə müdafiə naziri Pit Heqsetlə birlikdə nəhəng raketdən müdafiə sistemi qurmaq planlarını açıqlayıb. SİA-nın məlumatına görə, Tramp “Qızıl Qübbə” adlı layihənin ümumi dəyərinin 175 milyard dollar təşkil edəcəyini bildirib. O qeyd edib ki, sistem ölkənin mövcud müdafiə imkanlarına inteqrasiya edəcək və səlahiyyət müddətinin sonuna qədər tam işlək olacaq.
“Beləliklə, biz bunu təxminən üç il ərzində yerinə yetirəcəyik. Tamamilə tikildikdən sonra “Qızıl Qübbə” dünyanın başqa yerlərindən, hətta kosmosdan buraxıla biləcək raketləri ələ keçirmək gücünə malik olacaq. Biz Prezident Reyqanın 40 il əvvəl başladığı işi başa vuracağıq və Amerika üçün raket təhlükəsini həmişəlik sona çatdıracağıq”,- deyə ABŞ Prezidenti əlavə edib.