Azərbaycan və OSPRİ təşkilatı əməkdaşlıq imkanlarını müzakirə ediblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində Neft Dağılmalarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs (Oil Spill Preparedness Regional İnitiative – OSPRİ) təşkilatının nümayəndələri ilə görüş keçirilib. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov Xəzər dənizinin Azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
O bildirib ki, hazırda Agentlik “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolundan irəli gələn öhdəliklərin icrası istiqamətində bır sıra tədbirlər həyata keçirir.
Görüşdə, həmçinin OSPRİ təşkilatının nümayəndələri Agentlik tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.
OSPRİ təşkilatını Xəzər dənizi – Qara dəniz – Mərkəzi Avrasiya regionunda neft dağılmalarına qarşı etibarlı, inteqrasiya olunmuş və dayanıqlı reaksiya imkanlarını təşviq etmək üçün bir qrup neft şirkəti (BP, Chevron, Eni, ExxonMobil, KMG, NCOC, Shell və TotalEnergies) yaradıb.