Dünya

Çin Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını pisləyir..?





Mao Ninq, Avropa İttifaqını Rusiya ilə ticarət-iqtisadi əməkdaşlıqda ikili standartlardan istifadəni dayandırmağa çağırıb



…Çin Respublikası Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini tətbiq etməsindən narazılığını bildirib. Məsələ bundadır ki,bu, Çin şirkətlərinin də maraqlarına toxunur.

SİA-nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq çərşənbə günü keçirdiyi mətbuat konfransında Pekinin beynəlxalq hüquqda heç bir hüquqi əsası olmayan birtərəfli sanksiyalara qarşı olduğunu vurğulayıb.

…Çin Avropanın Çin şirkətlərinə qarşı əsassız məhdudiyyətlər qoymasına qəti etiraz edir və narazılığını bildirir.

Bunu deyən Mao Ninq, Avropa İttifaqını Rusiya ilə ticarət-iqtisadi əməkdaşlıqda ikili standartlardan istifadəni dayandırmağa çağırıb.

Qeyd edək ki, Avropa İttifaqının yeni qara siyahısına Rusiyanın “kölgə donanması” adlandırılan 189 tanker daxildir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Çin və Rusiya müəssisələri arasında normal ticarət əlaqələri kənar müdaxilələrə məruz qalmamalıdır.

Bundan əlavə, Mao Ninq xatırladıb ki, bir çox ölkə, o cümlədən Avropa İttifaqı və ABŞ Rusiya ilə aktiv ticarəti davam etdirir. O, həmçinin Çinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə və ikili təyinatlı malların ixracına ciddi nəzarətə sadiqliyini təsdiqləyib.

Bəyanatının sonunda Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Avropa İttifaqının hərəkətlərinə cavab olaraq ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, mayın 20-də Avropa İttifaqı Rusiya neftinin müəyyən edilmiş qiymət həddinə məhəl qoymayan 17 fiziki şəxs və 58 şirkət, eləcə də yuxarıda adı çəkilən tankerlər daxil olmaqla yeni sanksiyalar paketini təsdiqləyib.

Onu da xatırladaq ki, bundan əvvəl Çinin ABŞ-dakı səfirliyi Asiya-Sakit okean regionunu sülh və inkişaf nümunəsi adlandırmışdı.

Bu arada almaniyalı siyasətçi Sara Vaqenknext Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini tənqid edib.

Əli Babayev