“İnsanların ekoloji şüuru artırılmalıdır”
“Bakı şəhərində və Azərbaycanın müxtəlif rayon və bölgələrində tullantıların yığılması ilə bağlı doğrudan da ciddi problemlər mövcuddur. Bakı şəhərində bu problemlər müəyyən qədər aradan qaldırılsa da, hələ də şəhər ətrafı qəsəbələrdə və kəndlərdə vəziyyət eyni qalır”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, məsələn, Balaxanıda bərk məişət tullantılarının idarə olunması ilə bağlı bir zavod tikilib. Bu zavodda tullantılar çeşidlənir və yenidən istehsala cəlb olunur. Lakin bu cür infrastruktur yalnız Bakı ərazisində fəaliyyət göstərir.
Biz hər il bir ekoloji təşkilat olaraq təmizlik aksiyaları keçiririk. Bu təşəbbüsləri xüsusilə rayon və bölgələrdə həyata keçirməyə çalışırıq. Təəssüf ki, bəzi hallarda bu aksiyalar zamanı yerli sakinlər bizə qəribə münasibət göstərirlər.
Digər tərəfdən, rayon və bölgələrdə tullantıların təmizlənməsi üçün ilk növbədə bələdiyyələr və icra orqanları ilə davamlı əməkdaşlıq aparılmalıdır. Harada ki məmurlar məsuliyyətlidirlər və işlərinə ciddi yanaşırlar, həmin ərazilərdə zibilliklərin qarşısı alınır. Bu baxımdan, bizim əsas məqsədimiz bələdiyyələr və icra nümayəndələri ilə birgə işləmək, onları maarifləndirmək və bu məsələyə daim diqqət yetirmələrinə nail olmaqdır.
Gəncə şəhərində də tullantıların yığılması və idarə olunması ciddi problemdir. Bu məsələ ilə bağlı Balaxanı zavodunda çıxış edərkən təklif etdim ki, oxşar zavodlar Gəncə, eləcə də ölkənin digər bölgələri – məsələn, cənub və şimal zonalarında da tikilsin. Belə zavodların yaradılması tullantıların effektiv idarə olunmasına şərait yaradacaq, zibillərin vaxtında daşınmasını təmin edəcək və ətraf mühitin çirklənməsinin qarşısını alacaq.
Hazırda kənd yerlərində tullantıların atılması üçün xüsusi yerlər olmadığı üçün insanlar məcbur qalıb zibilləri yandırırlar. Bu isə havanın çirklənməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Düzdür, artıq Azərbaycanda bu sahəyə diqqət artırılıb. Qarabağda da yol kənarlarında tullantılar üçün poliqonlar yaradılıb və onların daşınması ilə bağlı tədbirlər nəzərdə tutulub.
Lakin bu məsələdə insanların öz üzərinə düşən məsuliyyəti dərk etməsi vacibdir. Məsələn, Bakı şəhərində müxtəlif tullantı növləri – karton, plastik və s. üçün ayrıca qutular qoyulub. Amma insanlar plastik üçün nəzərdə tutulan qutuya karton və ya digər tullantılar atırlar. Bu isə çeşidlənmənin effektivliyini azaldır.
Avropa ölkələrində isə əhali tullantıların düzgün çeşidlənməsinə xüsusi diqqət yetirir. Əgər vətəndaş düzgün çeşidləmə aparmasa, cərimələnir. Bu səbəbdən orada insanlar qaydalara əməl edirlər. Bizim cəmiyyətimizdə isə hələ də bu sahədə problemlər qalmaqdadır.
Ona görə də ilk növbədə hər bir vətəndaş məsuliyyətli olmalı, tullantıların düzgün idarə olunmasına diqqət yetirməlidir. Məişət tullantılarının idarə olunması ilə bağlı daha çox tədbir və layihələrin keçirilməsi məqsədəuyğundur” – deyə o əlavə edib.
Müəllif: Günel Fərzəliyeva