Kibertəhlükəsizlik məsələləri niyə aktual hala gəlib?
Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb.
Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra – İKT) dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir.
Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələyə çevrilmişdir. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir. Son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə (dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda olan məlumatların həyat boyu proseslərinə, həmin proseslər üçün istifadə olunan maddi və qeyri-maddi obyektlərə və onlar arasında əlaqələrə) qarşı texnoloji cəhətdən çoxşaxəli hücumlar genişlənməkdədir.
İnformasiya təhlükəsizliyi informasiya sahəsində milli təhlükəsizliyə təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edə biləcəyi zəifliklərin, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadların aradan qaldırılması və ya əvvəldən təyin edilmiş hədlərə qədər azaldılması üçün hüquqi, təşkilati, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, kadr təminatı, iqtisadi və digər sahələr üzrə tədbirləri əlaqələndirilmiş qaydada təşkil, icra, nəzarət və davamlı təkmilləşdirmək üçün qanunvericiliklə müəyyən edilən mühafizə üsulları və vasitələri ilə təmin edilir.
Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşmışdır.
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” (bundan sonra – Strategiya) dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.
Strategiya Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına, o cümlədən “Milli təhlükəsizlik haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”na, habelə informasiya təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanır.
Strategiya informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Azərbaycan Respublikasında ilk strategiya olmaqla, ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə dövlət siyasətinin tərkib hissəsidir və bu sahədə fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edir.
Strategiyada qeyd olunan məsələlər həm milli, həm də ümumbəşəri xarakter daşıyır, insanların, cəmiyyətin və dövlətin maraqlarını nəzərə alaraq, dövlət, özəl və qeyri-hökumət təşkilatlarına, fiziki şəxslərə şamil edilir. İnsanların, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli bütün maraqlarının daha yüksək və təkmil səviyyədə qorunması hazırda həm də ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik siyasətinin əsas məqsədi kimi müəyyənləşdirilir və onun dinamik inkişaf tələblərinə cavab verməsi nəzərdə tutulur.
Strategiyada informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında, digər müvafiq normativ hüquqi aktlarda, həmçinin texniki normativ hüquqi aktlarda müəyyən olunmuş anlayışlardan istifadə edilir.
Son illər ölkəmizdə kiberməkanda dövlət müstəqilliyinin, milli maraqların qorunması, informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin texnoloji infrastruktur komponentlərinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.
Vətən müharibəsinin ilk günlərindən kiberməkanda mümkün təxribatların və döyüş əməliyyatları ilə bağlı məlumatların sızmasının qarşısını almaq məqsədilə Azərbaycanın internet seqmentinin, həmçinin sosial şəbəkələr, mesencerlər və digər elektron kommunikasiya platformaları vasitəsilə aparılan məlumat mübadiləsinin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə müasir informasiya texnologiyalarına əsaslanan infrastrukturun yaradılması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşması regional sabitliyi və inkişafı şərtləndirən amillərdən biridir. Bu ərazilərdə dövlət və ictimai təhlükəsizliyin təmin olunması üçün mümkün terror-təxribat və digər nöqtələrin müəyyən edilməsi, çevik əks-tədbirlərin hazırlanması məqsədilə “big data”, “cloud”, “machine learning” texnologiyaları əsasında yaradılmış müvafiq həllərin tətbiqi nəzərdə tutulur.
Qlobal pandemiya şəraitində insanların, biznes dairələrinin, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əsas hissəsi kiberməkana keçmiş, müəssisə və təşkilatların bir qismi işçilərini məsafədən işə cəlb etmişdir. Əksər hallarda bu keçid sürətlə baş vermiş və istifadə olunan texnologiyaların və proqram təminatının təhlükəsizlik baxımından qiymətləndirilməsi lazımi qaydada aparılmamışdır. Məsafədən iş üçün tətbiq olunmuş proqram təminatının müxtəlifliyini və çoxsaylı istehsalçılara məxsus olduğunu nəzərə alaraq, fərdi məlumatların, kommersiya sirrinin və digər qorunan informasiyanın sızması təhlükəsi ötən illərlə müqayisədə dəfələrlə artmışdır. Bununla bağlı, qorunan informasiyanın mühafizəsi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Ümumiyyətlə, ölkədə kibercinayətlərlə mübarizə imkanlarının genişləndirilməsi üçün bir sıra mühüm hüquqi və təşkilati tədbirlər görülmüşdür. İnformasiya təhlükəsizliyi, habelə kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası aidiyyəti beynəlxalq konvensiya və proqramlara qoşulmuş, milli qanunvericilik bazası inkişaf etdirilmişdir.
2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış “Kibercinayətkarlıq haqqında” Konvensiyanın müvafiq bəyanatlarla və qeyd-şərtlərlə Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilməsi kibercinayətkarlıqla mübarizə sahəsində atılan mühüm addımlardan biridir. Həmin Konvensiyanın müddəalarından irəli gələrək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində fəaliyyət göstərən standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK05) tərəfindən informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların əsasında 18 identik milli standart hazırlanmış və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi sahəsindəki əsas vəzifələrin yerinə yetirilməsi, milli informasiya resurslarının qorunması və təhdidlərin qarşısının alınması və bu sahədə effektiv tədbirlərin gücləndirilməsi məqsədilə informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Bu Fərmanla informasiya təhlükəsizliyi məsələlərinə məsul olan qurumlar – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır. “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli 276 nömrəli Fərmanı ilə qeyd olunan mərkəzə Xidmət statusu verilmişdir. Bununla yanaşı, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bazasında müstəqil olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”da müxtəlif sahələrin inkişafı kimi, informasiya təhlükəsizliyinin təmin edilməsi də öz əksini tapmışdır. Həmin Milli Strategiyanın əsas istiqamətlərindən biri olan “İnformasiya təhlükəsizliyinin təmin edilməsi”nin məqsədlərinə çatmaq üçün ölkənin milli informasiya məkanının və kritik infrastrukturlarının, o cümlədən informasiya infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bundan irəli gələrək, qlobal informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi həlli vacib olan əsas məsələlərdən biri kimi müəyyənləşdirilmişdir.
Ölkədə informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılmışdır.
Sürətlə qloballaşan dünyada milli informasiya məkanına təhdidlər də qlobal xarakter daşıyır. Buna görə də kibertəhlükəsizliyin təminatının mühüm şərtlərindən biri beynəlxalq əməkdaşlığın mövcudluğudur.
Azərbaycan Respublikası informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə məsələlərində beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə qurur və əməkdaşlıq edir. Həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Kibercinayətkarlıq haqqında” Konvensiyaya uyğun olaraq, kiberməkanda törədilən cinayətlərin araşdırılması məqsədilə xarici həmkarlara təcili köməyin (verilənlərin mühafizəsi) təmin olunması ilə bağlı fəaliyyət həyata keçirilir.
Azərbaycan Respublikasının hərtərəfli inkişafı, dövlət idarəçiliyində, iqtisadi və sosial sahələrdə, insanların gündəlik tələbatlarının ödənilməsində informasiya texnologiyalarının və vasitələrinin geniş tətbiqi və əhəmiyyətinin artması təhlükəsizliyin təmin edilməsi baxımından bu sahədə mühafizə tədbirlərinin gücləndirilməsini zəruri edir. Bu məqsədlə beynəlxalq təcrübəyə əsaslanaraq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, təhdidlərin və real şəraitin, o cümlədən problemlərin dəqiq, obyektiv, elmi baxımdan düzgün təhlil olunması, qiymətləndirilməsi və informasiya təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətin təşkili Strategiyada öz əksini tapmışdır.
Milli informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təsir edən amillər GZİT (Güclü tərəflər, Zəif tərəflər, İmkanlar, Təhdidlər) analiz metoduna uyğun olaraq mütəmadi qiymətləndirilir. Bu amillər Strategiyada nəzərə alınmışdır və prioritet istiqamətlər, vəzifələr, müvafiq həll yolları, eləcə də kompleks tədbirlər planı müəyyənləşdirilmişdir.
Strategiyanın hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübə, region və Avropa dövlətlərinin müvafiq strategiyaları araşdırılmış və ölkəmizdə tətbiqi baxımından təhlil edilmişdir.
Hazırda Avropa İttifaqına daxil olan 27 ölkənin, Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 193 ölkənin isə 108-nin müəyyən dövrləri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyaları mövcuddur.
Beynəlxalq təşkilatların hesabatlarında ölkələrin kibertəhlükəsizlik üzrə reytinqinə təsir edən əsas meyarlardan biri bu sahədə informasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik strategiyasının olmasıdır.
Təhsildə kibertəhlükəsizliyin rolu və məsləhətlər
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya texnologiyaları təhsil sahəsində də geniş tətbiq olunur. Elektron təhsil platformaları, onlayn dərslər, virtual siniflər və şəbəkə vasitəsilə əlaqə qurmaq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu imkanlar eyni zamanda yeni təhlükələri də özü ilə gətirir. Kibertəhlükəsizlik təhsil müəssisələri üçün prioritet məsələlərdən birinə çevrilib. Bu məqalədə təhsildə kibertəhlükəsizliyin rolu və təhsil işçiləri üçün əsas məsləhətlər araşdırılacaq.
Kibertəhlükəsizliyin təhsildəki əhəmiyyəti
Təhsil müəssisələri hər gün çoxsaylı məlumatlarla işləyir: tələbə məlumatları, akademik qeydlər, maliyyə məlumatları və s. Bu məlumatlar kiberhücumların əsas hədəflərindəndir. Məlumatların oğurlanması, sistemlərə zərərli proqramların yerləşdirilməsi və şəbəkə hücumları təhsil prosesini pozmaqla yanaşı, həm tələbələrin, həm də müəllimlərin şəxsi məlumatlarının təhlükə altına düşməsinə səbəb ola bilər.
Kibertəhlükəsizlik tədbirləri təhsil müəssisələrində məlumatların qorunması, təhlükəsiz şəbəkə əlaqələrinin təmin edilməsi və təhsil prosesinin fasiləsiz davam etdirilməsi üçün zəruridir. Bundan əlavə, təhsil işçiləri üçün kibertəhlükəsizlik məsələləri ilə bağlı məlumatlandırma və təlimlər keçirilməsi də vacibdir.
Təhsil işçiləri üçün kibertəhlükəsizlik məsləhətləri
1. Şifrələrin mühafizəsi:
– Güclü və mürəkkəb şifrələrdən istifadə edin. Şifrələriniz ən azı 8 simvoldan ibarət olmalı, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollar ehtiva etməlidir.
– Şifrələri müntəzəm olaraq dəyişdirin və eyni şifrəni fərqli hesablarda tətbiq etməyin.
– İki mərhələli identifikasiya sistemindən istifadə edin. Bu, hesablarınızın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.
2. Şəxsi məlumatların qorunması:
– Tələbə və müəllim məlumatlarını qorumaq üçün məlumatların şifrələnmiş şəkildə saxlanılmasına diqqət yetirin.
– Şəxsi məlumatları üçüncü şəxslərlə paylaşmayın və sosial şəbəkələrdə həssas məlumatların yayılmasının qarşısını alın.
3. Zərərli proqramlardan qorunma:
– Kompüterlər və mobil cihazlar üçün etibarlı antivirus proqramları quraşdırın və onları müntəzəm olaraq yeniləyin.
– Şübhəli e-poçtlar, linklər və faylları açmadan əvvəl yoxlayın. Phishing (fırıldaqçılıq) hücumlarına qarşı diqqətli olun.
4. Şəbəkə təhlükəsizliyi:
– Təhsil müəssisələrində istifadə olunan şəbəkələrin təhlükəsizliyini təmin edin. Wi-Fi şəbəkələri üçün güclü şifrələr tətbiq edin və ictimai şəbəkələrdən istifadə edərkən VPN (Virtual Private Network) istifadə edin.
– Şəbəkə avadanlıqlarını müntəzəm olaraq yeniləyin və təhlükəsizlik yamalarını tətbiq edin.
5. Təlim və məlumatlandırma:
– Təhsil işçiləri və tələbələr üçün kibertəhlükəsizlik mövzusunda təlimlər və seminarlar təşkil edin. Bu təlimlər onların kibertəhlükələr haqqında məlumatlandırılmasına və təhlükəsizlik tədbirlərini düzgün tətbiq etməsinə kömək edəcək.
– Kibertəhlükəsizlik siyasətlərini müəyyənləşdirin və bütün işçilərə bu siyasətlər haqqında məlumat verin.
6. Məlumatların müntəzəm nüsxələnməsi:
– Mühüm məlumatları müntəzəm olaraq nüsxələyin. Bu, məlumatların itirilməsi və ya zərərli proqramlar tərəfindən şifrələnməsi halında onların bərpasını asanlaşdıracaq.
– Nüsxələnmiş məlumatların təhlükəsiz yerdə saxlanılmasını təmin edin.
7. Təhlükəsizlik tədbirlərinin monitorinqi:
– Təhsil müəssisələrində kibertəhlükəsizlik tədbirlərinin effektivliyini müntəzəm olaraq yoxlayın. Şəbəkə hərəkətlərini monitorinq edin və şübhəli fəaliyyətlərə dərhal müdaxilə edin.
– Kibertəhlükəsizlik mütəxəssisləri ilə əməkdaşlıq edərək müəssisənizin təhlükəsizlik sistemlərini daim yeniləyin.
Kibertəhlükəsizlik təhsil sahəsində yalnız texniki məsələ deyil, həm də təhsil prosesinin davamlılığı və təhlükəsizliyi üçün əsas şərtlərdən biridir. Təhsil işçiləri kibertəhlükələrə qarşı məlumatlı olmalı və təhlükəsizlik tədbirlərini düzgün tətbiq etməlidir. Güclü şifrələrdən istifadə, məlumatların qorunması, təlimlər keçirilməsi və şəbəkə təhlükəsizliyinin təmin edilməsi kimi tədbirlər təhsil müəssisələrini kiberhücumlardan qoruyacaq və təhsil prosesinin təhlükəsiz davam etdirilməsinə şərait yaradacaq.
Kibertəhlükəsizlik tədbirləri yalnız texniki məsələ deyil, həm də mədəniyyət və davranış məsələsidir. Təhsil işçiləri və tələbələr üçün kibertəhlükəsizlik mədəniyyətinin yayılması gələcəkdə daha təhlükəsiz və effektiv təhsil mühitinin yaradılmasına kömək edəcək.
SİA mövzu ilə bağlı Kibertəhlükəsizlik üzrə mütəxəsis Fərid Əmirovun fikirlərini öyrənib.
Kibertəhlükəsizlik üzrə mütəxəsis Fərid Əmirov: “Gəlin, süni intellektin (Sİ) kibertəhlükəsizlik sahəsində necə faydalı və riskli ola biləcəyini sadə dildə izah edək.
Süni intellektin faydaları:
1. Hücumları tez tapır:
Sİ şəbəkədə və ya kompüterdə baş verən qəribə halları tez görüb xəbər verə bilər.
2. Yeni virusları tanıya bilir:
Ənənəvi antiviruslar yalnız tanınmış virusları tanıyır. Sİ isə əvvəldən görünməmiş zərərli proqramları da tapa bilir.
3. Avtomatik müdaxilə edir:
Hücum zamanı insan gözləmədən Sİ özü tədbir görə bilər – məsələn, hücum gələn kompüteri şəbəkədən ayırar.
4. Daxili təhlükələri tapır:
İşçilərdən və ya istifadəçilərdən gələn təhlükəli davranışları izləyib xəbərdarlıq edə bilir.
5. Saxta e-poçtları ayırd edir:
Sİ phishing (aldadıcı) e-poçtları analiz edib tanıya bilər.
Süni intellektin yaratdığı risklər:
1. Hakerlər də istifadə edir:
Pis niyyətli şəxslər də Sİ-dən istifadə edib daha ağıllı hücumlar hazırlaya bilirlər.
2. Yanlış siqnallar verə bilər:
Bəzən Sİ səhvən normal fəaliyyəti təhlükə kimi görə və ya əsl təhlükəni görməyə bilər.
3. Qərarı niyə verdiyini izah etmir:
Bəzən Sİ-nin niyə belə qərar verdiyini anlamaq çətin olur.
4. Özü hücum hədəfi ola bilər:
Əgər Sİ sistemi pozulsa, onun üstünlükləri düşmənin əlinə keçə bilər.
5. Məlumat toplama problemi:
Sİ şəxsi məlumatlarla işlədiyinə görə gizlilik və hüquq baxımından risklər yarana bilər.
Süni intellekt kibertəhlükəsizlikdə çox faydalıdır, amma diqqətlə istifadə olunmalıdır. Doğru qurulmazsa, özü də təhlükə yarada bilər. Əsas odur ki, həm faydaları, həm də riskləri nəzərə alınıb düzgün şəkildə tətbiq edilsin”.