Sosial

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub


Mayın 19-23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun açıq hava stadionunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib. SİA xəbər verir ki, FHN-in mətbuat xidmətindən bildirilib ki, çempionatda FHN-in aparatı və qurumlarının ümumilikdə 20 komandasından 220-yə yaxın idmançı iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib.

Beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası FHN Akademiyasının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Mülki müdafiə qoşunlarının komandası qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn DYMX-nın komandası yarışın çempionu adına yiyələnib.