Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi yad edilib
Mayın 23-də Kahramanmaraşda Azərbaycan məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəbdə Azərbaycan dövlətçiliyinin memarının anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. SİA xəbər verir ki, tədbirdə Kahramanmaraşdan olan millət vəkili, Türkiyənin keçmiş kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Sütçü İmam Universitetinin rektoru Alptekin Yasım, Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Demiröz, siyasi partiyaların nümayəndələri, təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri və tələbələr iştirak ediblər.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erxan Demiröz Azərbaycanın dahi oğluna həsr olunmuş tədbirdə iştirak etməkdən qürur duyduğunu bildirib: “Biz bu gün adı bu məktəbin divarları arasında da yaşayan dahi Heydər Əliyevi ehtiramla anırıq. Milyonlarla insana örnək olaraq qalan dövlət xadimi gənclərin inkişafına və təhsilinə böyük önəm verirdi”.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri təbii fəlakət zonasının sakinlərinə, o cümlədən rayonun təhsil sisteminin bərpası məsələsində göstərdiyi köməyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlığını bildirib.
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova uşaqları dahi Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə əməl etməyə, öz ölkəsinə layiqli vətəndaş olmağa, Türkiyə və Azərbaycan birliyinin keşiyində durmağa çağırıb.
Türkiyə parlamentinin deputatı Vahit Kirişçi dahi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.Siyasətçi Ümummilli Liderin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayıb.
Məktəbin şagirdləri Türkiyə və Azərbaycan qardaşlığına həsr olunmuş şeirlər səsləndiriblər. Sonra uşaqların rəqs nömrələri nümayiş olunub.
Tədbir Heydər Əliyevə, eləcə də Türkiyə və Azərbaycan dostluğu mövzusuna həsr olunmuş sərginin açılışı ilə başa çatıb.