Almaniyada avtomobil bir qrup insanı vurub, 5 nəfər xəsarət alıb
Almaniyanın Şlezviq-Holşteyn əyalətinin Fridrixştad şəhərinin mərkəzi meydanında 74 yaşlı sürücü avtomobili bir qrup insanın üzərinə sürüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi ağır olmaqla beş nəfər xəsarət alıb. Sürücü özü də xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Polisin məlumatında hadisənin sürücünün avtomobili park yerindən çıxararkən idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib. Nəticədə avtomobil açıq havada oturan bir qrup insanı vurub.
Sürücünün müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və hadisənin də bunun nəticəsində baş verə biləcəyi ehtimal olunur. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda hadisənin səbəbləri araşdırılır.