Dünya

Almaniyada orqan donorluğu ilə bağlı yeni təşəbbüs irəli sürülüb


Almaniyanın federal əyalətlərinin səhiyyə nazirləri və həkim təşkilatlarının nümayəndələri orqan donorluğu ilə bağlı yeni təşəbbüslə çıxış ediblər. SİA “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Orqan Donorluğu Günü münasibətilə irəli sürülən “etiraz prinsipi” təşəbbüsünə əsasən, hər bir vətəndaş açıq şəkildə etiraz etmədiyi halda potensial orqan donoru hesab olunmalıdır.

Hazırda Almaniyada bu məsələdə “razılıq prinsipi” qüvvədədir. Bu o deməkdir ki, yalnız həyatda olarkən orqanlarının götürülməsinə açıq şəkildə razılıq verən şəxs donor ola bilər. Yeni təklifə əsasən isə hər bir vətəndaş bu istəyə açıq şəkildə etiraz etmirsə, potensial donor hesab olunacaq.

Bu təşəbbüsə rəhbərlik edən Turingiya federal əyalətinin səhiyyə naziri Katarina Şenk orqan çatışmazlığı səbəbindən gözləmə siyahısında qalan insanların həyatını itirməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Həkimlər Palatasının rəhbəri Klaus Reynhart bu dəyişikliyi həmrəylik nümunəsi adlandırıb və canlı orqan donorluğunun da asanlaşdırılmasını istəyib.

Hazırda Almaniya yalnız şəxsi yaxınlıq hallarında canlı orqan bağışlanmasına icazə verir. K.Reinhardt isə “çarpaz donorluq” və anonim bağışlanmanın da mümkün olmasını təklif edib. Əyalətlərin səhiyyə nazirləri gələn həftə bu məsələ ilə bağlı federal səhiyyə naziri Nina Varkenə rəsmi qaydada müraciət edəcəklər. Bir sıra həkim təşkilatları da bu təşəbbüsü dəstəkləyir.

Alman Orqan Transplantasiyası Fondunun məlumatına əsasən, 2024-cü ildə 953 nəfər ölümündən sonra orqanlarını bağışlayıb. Canlı donorlardan götürülən orqanlarla birlikdə ümumilikdə 2854 orqan nəqli həyata keçirilib. Hazırda 8100 insan orqan transplantasiyası gözləyir. Onların əksəriyyəti böyrək nəqlinə ehtiyacı olanlardır. Hər il yüzlərlə insan müvafiq transplantat tapılmadığı üçün dünyasını dəyişir.