Türkiyədə islamofobiya ilə mübarizənin istiqamətləri müəyyən edilib
Hökumətin müvafiq qərarı ilə Ankara Elm Universitetində yaradılmış Türkiyənin ilk İslamofobiya ilə Mübarizə İnstitutu və Mərkəzi (CENTERCIF) müsəlmanlara qarşı nifrətin təzahürləri ilə mübarizəyə dair strategiyanın beş istiqamətini müəyyən edib. SİA xəbər verir ki, universitetin prorektoru, professor Cem Harun Meydan jurnalistlərə CENTERCIF-in planları barədə məlumat verib.
Onun sözlərinə görə, dünyada İslama və müsəlmanlara qarşı düşmənçilik təzahürləri ilə bağlı vəziyyətin monitorinqi üçün interaktiv portal yaradılacaq. Bu resurs vasitəsilə təhlükəli hadisənin təhlil edilməsi planlaşdırılır. Bu saytda müxtəlif dillərdə islamafobiya ilə mübarizə mövzusunda məruzələr, məqalələr və bəyanatlar yerləşdiriləcək. Burada həmçinin beynəlxalq təşkilatların və ekspertlərin islamafobiya mövzusunda məruzələri ilə tanış olmaq imkanı olacaq.
Qeyd edilib ki, islamofobiya ilə mübarizəyə töhfələrinə görə alimlər, sənət adamları, fəallar və beynəlxalq təşkilatların xüsusi “Selam” mükafatı ilə təltif edilməsi də nəzərdə tutulur.
Professor C.H.Meydan bildirib ki, gələcək mərhələlərdə islamofobiya təzahürlərindən əziyyət çəkmiş insanlara məsləhətçi yardımın göstərilməsi də planlaşdırılır. “Ksenofobiya və islamofobiya təhlükəsi Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmilərin dəfələrlə bəyan etdiyi problemdir. Biz bu çağırış barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağı və təhlükənin aradan qaldırılmasına töhfə verməyi hədəfləyirik. CENTERCIF-in planlarında – hər il tədbirlər, o cümlədən seminarlar, gənclər üçün yay məktəbləri və s. təşkil edilməsi yer alıb”, – deyə prorektor əlavə edib.
Ortamüddətli perspektivdə Ankarada xüsusi olaraq CENTERCIF üçün ayrıca bina tikiləcək.