Turizm

Misir Giza piramidalarının ərazisini təmirdən sonra yenidən açacaq


…Misirdə əsas turistik məkanların təmiri demək olar ki, başa çatıb. Giza piramidasının ərazisinin yenidənqurmadan sonra tam açılışı iyulun 3-nə planlaşdırılır.

SİA-nın məlumatına görə, Bloomberg orada nələrin dəyişdiyini və layihəyə nə qədər vəsaitin yatırıldığını bildirir.

Mütəxəssislərin fikrincə, Giza yaylası kəskin şəkildə dəyişib. Dövlət milyarder Naqib Saviris ilə əməkdaşlıq edərək onun yenidən qurulmasına 30 milyon dollar sərmayə qoyub. Piramidalarla yenilənmiş yerlər aprel ayından tədricən açılmağa başlayıb.

Əsas dəyişikliklər: bir çox turisti qorxudan bütün sərnişin nəqliyyat vasitələri və dəvəli ticarətçilər piramidalardan yığışdırılıb.

Sonunculara etirazlarına baxmayaraq, yaxınlıqda, turist axınından uzaqda xüsusi sahə ayrılıb.

Piramidalara yaxşı magistral yol çəkilib, asfalt dayanacaqlar təchiz edilib, ən əsası isə turistlərin çoxdan çatışmadığı şərait yaradılıb: müasir tualetlər, suvenir mağazaları, kafelər, sadəcə olaraq istirahət üçün yerləri olan çadırlar…

İndi bütün turistlər əraziyə əsas girişdən daxil olurlar. Orada onları marşrut boyu aparan, istirahət üçün, mağazalarda və əsas piramidalarda dayanan rahat avtobuslara minirlər.

Giza piramidalarını ildə təxminən 2,5 milyon turist ziyarət edir. Onların yarısı misirlilərdir. İndi yerli hakimiyyət orqanları turist axınını 40-50 faiz artırmağı gözləyir.

Nazlı Almuradova