Sosial

“Peşəkar jurnalistika standartlarının zəifliyi də belə hallara gətirib çıxarır”


“Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır: “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Şəxsin hər hansı bir əməldə təqsirli olduğu ehtimallara söykənərsə, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası latın sözü olub – “praesumptio innocential” – təqsirin ehtimal olunması mənasını verir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası – ittiham olunanın təqsiri sübuta yetirilməyibsə o, təqsirsizdir” – deməkdir.

Media orqanlarının tez-tez təqsirsizlik prezumpsiyasını pozması bir neçə əsas səbəbdən qaynaqlanır. Bu məsələ hüquqi, etik və ictimai aspektlərdən olduqca həssasdır. Cinayət hadisələri, saxlanılmalar və qalmaqallar insanların diqqətini cəlb edir. Media orqanları, xüsusilə onlayn platformalar klik sayı və reyting naminə xəbər başlıqlarında “cinayətkar”, “qatil”, “törətdi” kimi ifadələrdən istifadə edirlər – bu isə şəxsin hələ məhkəmə qərarı olmadan təqsirli elan edilməsi deməkdir. Peşəkar jurnalistika standartlarının zəifliyi də belə hallara gətirib çıxarır. Bir çox media qurumlarında müstəqil redaksiya siyasəti və hüquqi biliklər zəifdir. Bu isə jurnalistlərin hüquqi prinsipləri pozaraq məlumat verməsinə səbəb olur.

Təqsirsizlik prezumpsiyasının pozulması:

• Şəxsin hüquqlarını (xüsusilə nüfuz hüququnu) tapdalayır.

• Gələcəkdə ədalətli məhkəmə araşdırmasına təsir edə bilər.

• İctimaiyyətdə ön mühakimə yaradır – insanlar şəxs haqqında hələ məhkəmə qərarı olmadan “müəyyən fikirə” gəlirlər.

• Cəmiyyətin hüquqa olan etimadını azaldır”.