“Şuşa Bəyannaməsi Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır”
“Azərbaycan və Türkiyə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu sınaqlardan keçərək bərkimiş və bü günki səviyyəsinə çatmış, bənzəri olmayan əlaqələrdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən bir mesaj idi: “Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti vardır.
Belə ki, imzalanmış bəyannamə və orada əksini tapmış məsələlər indiyə qədər Azərbaycan və Türkiyə arasında olan onsuz da kifayət qədər yaxşı münasibətləri keyfiyyət və həcm baxımından yeni mərhələyə daşımaq üçün hər iki ölkəyə xeyli imkanlar tanıdı.
Şuşa Bəyannaməsi həm də Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır. Bu sənəd, təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün model funksiyası daşıyır. Bu model, həm milli suverenliklərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi Şuşa Bəyannaməsi ölkələr arasındakı münasibətlərdə elə bir sahə yoxdur ki, onları əhatə etməsin. Bəyannamə özündə siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə əməkdaşlığı ehtiva edir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır”.
“Şuşa Bəyannaməsi həm də Türkiyə və Azərbaycanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın ortaq qarantına çevirdi deyə bilərik. Bundan sonra regionda hərbi-siyasi güc göstərmək istəyənlər artıq ciddi şəildə düşünməli olacaqlar. Bəyannamədə qeyd olunan: “…Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur” müddəası erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır və Azərbaycan qarşı məkrli planları olan istənilən qüvvəyə bundan sonra Azərbaycanla yanaşı qarşılarında Türkiyəni də görəcəklər mesajını verir.
Keçən illər ərzində hər iki dövlətin bir-birinə verdikləri dəstək isə Şuşa bəyannaməsində nəzərdə tutulan məsələlərə dair əməkdaşlığın kağız üzərində qalmadığının ən bariz sübutudur.
Bu gün tam məsuliyyəti ilə demək olar ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında, regional sülh və sabitliyin təmin edilməsində, eləcə də iqtisadi və mədəni inkişafında mühüm rol oynamağa davam edəcək” – deyə o, əlavə edib.