Tahir Gözel Nigeriyada qubernatorla yüksəksəviyyəli görüş keçirib
Aparıcı iş adamı Tahir Gözel Nigeriyanın Laqos şəhərinə və Oyo əyalətinə səfər edərək əyalət qubernatoru Oluwaseyi Makinde ilə yüksəksəviyyəli işgüzar görüş keçirib. SİA xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə Nigeriya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tahir Gözel Azərbaycan və Nigeriya arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərinə toxunaraq, ölkəmizin bu sahədə təklif edə biləcəyi imkanlar və qarşılıqlı faydalı tərəfdaşlıq modelləri barədə danışıb. Gözel, eyni zamanda, texnologiya yönümlü təhsil müəssisəsinin təsis edilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, bu təşəbbüsün ölkənin rəqəmsal inkişafına ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. Qubernator Makinde öz növbəsində Oyo əyalətinin beynəlxalq əməkdaşlığa və yeni tərəfdaşlıqlara açıq olduğunu bildirib. Azərbaycandan gələcək investisiya dəstəyinin əhəmiyyətini vurğulayan qubernator Oluwaseyi Makinde Tahir Gözelin ziyarətinin iki ölkə arasındakı əlaqələri gücləndirəcəyini bildirib və ziyarətdən çox məmnun olduğunu qeyd edib. O, əlavə olaraq, aqrar biznes, faydalı qazıntıların işlənməsi və turizm sahələrində mövcud olan ticarət və investisiya imkanlarına diqqət çəkib.
Səfər çərçivəsində Tahir Gözel, həmçinin xarici investorlarla, eləcə də Gözelə investisiya dəstəyi üçün müraciət edən Nigeriyada uğur qazanmış 21 sahibkarla görüşüb, onların təcrübələrini dinləyib və qarşılaşdıqları çətinliklər, layihələri, investisiya imkanları barədə məlumat alıb. Görüşlər zamanı texnologiya sahəsində ixtisaslaşmış təhsil müəssisəsinin ölkədə rəqəmsal inkişafa, işçi qüvvəsinin ixtisas səviyyəsinin artırılmasına və biliklərin inkişafına verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.