“İsrail tərəfi ABŞ-ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir”
“İran və İsrail arasında baş verən hadisələr göstərir ki, qarşılıqlı zərbələr sürətlə idarəolunmaz bir səviyyəyə çatıb. İsrailin İrana qarşı tətbiq etdiyi hərbi əməliyyatlara cavab mesajı gəldi. Artıq 5-ci gündür ki, iki təfəf də bir-birilərini dron və raket hücümları ilə məruz qoymaqdadır. Hələlik münaqişənin sadəcə bir istiqamətdə eskolasiyası müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə münaqişənin eskalasiyası əsasən birtərəfli xarakter daşıyır və hər hansı bir tənzimləmə perspektivi müşahidə olunmur: “Bu proses qısa müddətdə dayandırılmadığı təqdirdə, regionda idarəolunmaz və dərin nəticələrə səbəb ola bilər, uzunmüddətli qarşıdurma mühitini formalaşdıra bilər. Belə halda iştirakçıların coğrafiyası İsrail və İranla məhdudlaşmayacaq. Regional ölkələr də müəyyən səviyyələrdə qarşıdurmaya cəlb olunmaq məcburiyyətində qala bilərlər.
Məsələn, İsrail tərəfi ABŞ-ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir. Şübhəsiz ki, ABŞ bölgədə proseslərin əsas strateji istiqamətlərini müəyyən edən aparıcı aktor rolunu oynayır. ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada qeyd edir ki, artıq İranda Vaşinqtonla dialoqu rədd edən sərt xətt tərəfdarı liderlər yoxdur və danışıqlara qayıdış mümkündür. O, həmçinin vurğulayır ki, yüksək rütbəli iranlı hərbi rəsmilərin aradan götürülməsi ABŞ-ın məqsədyönlü qərarı olub”.
Politoloq bildirib ki, Tehranın təxliyəsi ilə bağlı çağırışlar, ABŞ-ın proseslərdə birbaşa iştirakını nümayiş etdirən ciddi göstəricilərdən biridir: “Mövcud qarşıdurma şəraitində bir neçə regional və regiondan kənar dövlətin birbaşa şəkildə proseslərə cəlb olunması ehtimalı artır. Bu isə uzunmüddətli və daha geniş coğrafiyanı əhatə edən münaqişənin formalaşmasına səbəb ola bilər. Belə bir inkişaf ssenarisi bölgədə genişmiqyaslı və davamlı hərbi toqquşmaların baş verməsinə yol aça bilər ki, bu da ciddi humanitar və siyasi fəsadlarla müşayiət oluna bilər.
Mövcud vəziyyət fonunda qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı nəticəsində tərəflər mövcud gərginliyin dialoq və diplomatik yollarla aradan qaldırılmasının tərəfdarı olduqlarını bəyan etmişlər. Həmçinin bu kontekstdə qarşılıqlı koordinasiyanın təmin olunmasının və vəziyyətə konstruktiv yanaşmanın vacibliyi xüsusi vurğulanmışdır.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də ABŞ Prezidenti ilə Rusiya Federasiyasının Prezidenti arasında telefon danışığı baş tutmuşdur. Danışıqlar çərçivəsində Rusiya tərəfi regional böhranın həlli istiqamətində vasitəçilik təşəbbüsünü irəli sürmüşdür. Görünən odur ki, vəziyyətin artan gərginliyi beynəlxalq sistemin əsas aktorları tərəfindən artıq ciddi şəkildə diqqət mərkəzinə çəkilməkdədir.
Eyni zamanda qeyd olunmalıdır ki, ABŞ da situasiyanın idarəolunmaz müstəviyə keçəcəyi təqdirdə, bunun regiondakı öz strateji maraqları və hərbi mövcudluğu üçün təhlükə yarada biləcəyini anlamaqdadır. ABŞ-ın regionda geniş hərbi infrastrukturla təmsil olunması – o cümlədən Fars körfəzində və bir sıra Ərəb ölkələrinin ərazisində yerləşən hərbi bazalar vasitəsilə – bu riskləri daha da aktuallaşdırır. Belə bir eskalasiya ssenarisi təkcə mövcud münaqişə zonasını deyil, həm də yaxın ətraf əraziləri əhatə edə biləcək daha genişmiqyaslı qarşıdurmaların baş verməsi ehtimalını artırır”- deyə o əlavə edib.