Azərbaycanda 94 dövlət təşkilatı 238 ərzaq məhsulu üzrə tələbatını elan edib
Dövlət satınalmalarının vahid elektron platforması olan tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi prosesinə başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, artıq 94 dövlət təşkilatı 238 ərzaq məhsulu üzrə növbəti il üçün tələbatlarını portala əlavə edib. Tələbatların yerləşdirilməsi prosesi iyunun 30-na qədər davam edəcək.
Qeyd olunan müddətdə ərzaq məhsullarına olan tələbatların vaxtında yerləşdirilməsi həm sifarişçi təşkilatlar, həm də satıcıların növbəti il ərzaq tədarükü planlamasına köməklik göstərəcək.
Tedaruk.az portalı Azərbaycanda dövlət qurumlarının və müəssisələrinin ərzaq məhsullarına dair tələbatlarını vahid elektron sistem üzərindən bəyan etməsinə, eləcə də bu tələbatların yerli təchizatçılar, istehsalçı və fermerlər tərəfindən qarşılanmasına şərait yaradan innovativ platformadır. Portal satınalmaların şəffaflığı, hesabatlılığı və effektivliyini artırmaq məqsədi daşıyır. Ötən il tedaruk.az portalında aparılan əməliyyatlarda ümumi dövriyyə zamanı dövlət vəsaitinə 7,1 % qənaət edilib.
Əlavə məlumat və texniki dəstək üçün istifadəçilər tedaruk.az portalının rəsmi veb saytına daxil ola və yaxud “Aqrar Tədarük və Təchizat” ASC-nin qaynar xətti (050-400-88-99) ilə əlaqə saxlaya bilərlər.