Sosial

Biz bu tarixi dönüşü alqışlamalıyıq


Azərbaycanın yaxın tarixində yeni bir səhifə açan “Böyük Qayıdış” proqramı təkcə strateji və iqtisadi baxımdan deyil, həm də mənəvi və emosional cəhətdən dərin təsirə malikdir. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasından sonra bu torpaqlara geri dönüş prosesi, yəni əsl mənada doğma yurda qayıdış artıq reallığa çevrilib. “Böyük Qayıdış” proqramı məhz bu dönüşün sistemli, təhlükəsiz və davamlı şəkildə həyata keçirilməsini təmin edən mühüm bir dövlət layihəsidir.

Bu proqram təkcə insanların fiziki olaraq doğma yurdlarına köçürülməsi ilə məhdudlaşmır; o, həm də xalqın illərlə içində yaşatdığı vətən həsrətini, torpaq sevgisini, tarixə və köklərə bağlılığını gerçəkləşdirir. Buna görə də bu təşəbbüs cəmiyyətin bütün təbəqələrində, xüsusilə də köçkün həyatı yaşamış ailələrdə dərin emosional rezonans doğurur. İnsanlar bu prosesi həm qürur, həm də ümidlə qarşılayır, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması onları böyük həyəcanla izləməyə vadar edir. Beləliklə, “Böyük Qayıdış” proqramı insanlarda təkcə sevinc və fərəh deyil, eyni zamanda güvən, inam və gələcəyə böyük ümid hissləri də oyadır. Bu proqram, həm tarixi ədalətin bərpası, həm də milli birliyin təntənəsi kimi qiymətləndirilir.

“Böyük Qayıdış” proqramı insanlar üçün nə ifadə edir? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Oqtay Heydərov: “Mən Qarabağ rayonundanam. İllərlə həsrətində olduğumuz doğma torpaqlarımızın işğaldan azad edilməsi mənim və mənim kimi minlərlə insanın həyatında unudulmaz bir dönüş nöqtəsi oldu. Qarabağ azad olunandan sonra oraya getmək, doğulub boya-başa çatdığım yerləri yenidən görmək mənim üçün bəlkə də həyatda yaşadığım ən böyük sevinclərdən biri idi. Hər addımda uşaqlıq xatirələrim gözlərimin önünə gəlirdi. Torpağın qoxusu, dağların sükutu, bulaqların pıçıltısı – hamısı sanki illərlə məni gözləmişdi. Bu duyğular sözlə ifadə ediləsi deyil. İllərlə içimizdə yaşatdığımız həsrət, bu gün böyük bir qürura və sevincə çevrilib. Ən əsası isə, bu günü bizə yaşadan güclü dövlətimiz və müzəffər ordumuzdur. Məhz onların sayəsində biz torpaqlarımıza qovuşduq, haqq olan zəfəri əldə etdik. Bu gün Qarabağda aparılan bərpa və quruculuq işlərini görmək də insanın ürəyini fərəhlə doldurur. Hər tikilən məktəb, hər çəkilən yol, salınan yeni yaşayış məhəllələri gələcəyə ümidimizi daha da artırır. Dövlətimizin bölgəyə göstərdiyi diqqət və qayğı danılmazdır. Qarabağ yenidən dirçəlir, yenidən canlanır və biz bu dirçəlişin canlı şahidiyik. Çox şükür ki, bu günləri yaşamaq bizə qismət oldu. Bu gün mən bir vətəndaş kimi həm qürurluyam, həm də sonsuz dərəcədə minnətdaram”.

Şəhər sakini Rəşad Ağayev: “Bu gün yaşadığımız sevincin həddi-hüdudu yoxdur. İllərlə içimizdə yığılıb qalmış həsrət, nisgil artıq yerini ümidə, qürura və xoşbəxtliyə verib. Torpaqlarımızın işğaldan azad edilməsi təkcə bir qələbə deyil, həm də tariximizin ən şərəfli səhifələrindən biridir. Bu böyük zəfərə görə ilk növbədə Ali Baş Komandanımız, Prezidentimizə minnətdarlığımız sonsuzdur. Allah onun canını sağ eləsin. Onun güclü iradəsi, qətiyyəti və xalqımıza olan sevgisi sayəsində illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün o torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır və xalqımız yenidən öz dədə-baba yurduna dönür. Artıq insanlar tədricən doğma yurd-yuvalarına qayıdırlar. Hər bir köç xəbəri insanın qəlbini riqqətə gətirir. Əvvəllər yalnız xəyalımızda canlandırdığımız o torpaqlar bu gün real həyata çevrilib. Düzdür, mən hələ Qarabağa getməmişəm, amma orada aparılan tikinti-quruculuq işlərini televiziya və internet vasitəsilə izləyirəm. Görünən odur ki, evlər inşa olunur, yeni yollar çəkilir, infrastruktur bərpa edilir. Bütün bu işlər çox sürətlə və planlı şəkildə həyata keçirilir. Dövlətimiz orada həyatın yenidən canlanması üçün əzmlə çalışır. Qarabağda qurulan hər yeni ev, hər açılan məktəb və ya xəstəxana gələcəyimizin təminatıdır. İnşallah, yaxın gələcəkdə mən də doğma torpaqlarıma gedəcək, o yerləri öz gözlərimlə görəcəyəm. Bu arzunun reallığa çevrilməsi uzaqda deyil. Əsas odur ki, artıq Qarabağ azaddır, vətənə qovuşub və dirçəlməkdədir”.

Şəhər sakini Ehtiram Zeynalov: “Bu, reallıqdır, acılı, amma qürurverici bir reallıq. 30 ildən artıq bir müddətdə insanlar doğma yurdlarına həsrət qaldılar. Lakin bu gün artıq həmin insanlar tədricən öz evlərinə, öz torpaqlarına qayıdırlar. Bu, sadəcə siyasi və ya hərbi qələbə deyil, bu, xalqımızın iradəsinin, dözümünün və inamının nəticəsidir. Bəli, bu yolda beynəlxalq siyasətin, o cümlədən Avropa İttifaqının iqtisadi qərarlarının da rolu olub. Ancaq əsas güc xalqın özündədir. Çünki dünyada hər zaman humanitar böhranlar baş verir, amma xalq birlik göstərəndə haqq mütləq yerini tapır. Mən özüm də Qarabağlıyam. Bu, mənim üçün çox dərin və şəxsi bir məsələdir. Bunu deyərkən sadəcə qürur duymuram, eyni zamanda ağrı da hiss edirəm. Onlarla, yüzlərlə yaşlı insan vardı ki, illərlə doğma Qarabağını görmək istəyirdi, amma bu arzuyla dünyasını dəyişdi. Onlar son nəfəsinədək torpaq həsrəti ilə yaşadılar. Bəziləri, hətta yaşamaq ümidi olmadan torpaqlarını satmaq məcburiyyətində qaldı. Amma biz bu gün onların ruhuna borcluyuq, o torpaqlara sahib çıxaraq, Qarabağı yenidən canlandıraraq. Bu səbəbdən səslənirəm: Azərbaycan, hər zaman cəsur ol, hər zaman qalib ol! Xalqımla fəxr edirəm. Onların səbrinə, dönməzliyinə, Vətən sevgisinə baş əyirəm”.

Şəhər sakini Yusif Yusifov: “Böyük Qayıdış” proqramı şübhəsiz ki, xalqımızın rifahı, gələcəyi və milli birliyimiz üçün həyata keçirilən ən mühüm dövlət proqramlarından biridir. Bu proqramın əsas məqsədi uzun illər işğal altında qalmış doğma torpaqlarımıza həyatın yenidən qaytarılması, insanlarımızın təhlükəsiz və layiqli şəkildə öz yurd-yuvalarına qayıtmasıdır. Xalqın xeyrinə olan hər bir təşəbbüsü, hər bir addımı alqışlamaq bizim vətəndaşlıq borcumuzdur. Çünki bu proqram təkcə fiziki qayıdışı deyil, həm də mənəvi qayıdışı təmin edir. Yəni insan öz köklərinə, öz keçmişinə, doğma torpağına qovuşur. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri göz önündədir. Hər gün yeni yollar salınır, körpülər tikilir, müasir üslubda evlər inşa olunur. Sosial infrastruktur – məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər mühüm obyektlər ard-arda istifadəyə verilir. Bütün bunlar insanın qəlbini sevinc və qürur hissi ilə doldurur. Ən sevindirici məqamlardan biri də insanların mərhələli şəkildə doğma yurdlarına köçürülməsidir. Uzun illər həsrətində olduqları torpaqlara qovuşan vətəndaşlarımızın simasındakı sevinc, onların səsinə yansıyan həyəcan, bütün xalq üçün böyük bir ümid işığıdır. “Böyük Qayıdış” proqramı təkcə bir layihə deyil, bu, Azərbaycanın milli iradəsinin, dövlət siyasətinin və xalqın birliyinin təcəssümüdür. Biz bu tarixi dönüşü alqışlamalı, dəstəkləməli və onun davamlılığı üçün həmrəy olmalıyıq. Çünki bu yol gələcəyə aparan yoldur – sülhə, inkişafa və vətən sevgisinə söykənən bir yol”.

Şəhər sakini Simuzər Əliyeva: “Bu gün doğma Qarabağ torpaqlarına insanların qayıtdığını gördükcə, onların yerinə ürəkdən sevinirəm. Uzun illərdir bu günü səbirsizliklə gözləyən insanlar üçün bu qayıdış sadəcə fiziki bir köç deyil, bu, həm də mənəvi rahatlıq, daxili dinclik və doğmalığa qovuşmaqdır. Xüsusilə, yaşlı nəsil üçün bu dönüş olduqca duyğuludur. Onlar illərlə həmin torpaqlara həsrət yaşadılar, gözlərində Qarabağla bağlı xatirələrini qoruyub saxladılar. Bu gün onların arzularının gerçəyə çevrildiyini görmək çox təsirlidir. Cavanlarımız isə artıq azad olunmuş torpaqlara gedir, gəzir, oraların təbiətini, tarixini, gözəlliyini öz gözləri ilə görürlər. Onlar başa düşürlər ki, nə qədər qiymətli və müqəddəs bir Vətənə sahibik. Bu, onların vətən sevgisini daha da gücləndirir, ruhlarını yüksəldir. Hazırda Qarabağda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Yeni yollar çəkilir, evlər tikilir, məktəblər və digər sosial obyektlər inşa edilir. Hər daşda, hər divarda böyük zəhmət, xalqımıza olan sevgi və gələcəyə inam hiss olunur. Bütün bu işlər dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirir. Bu səbəbdən Prezidentimizə, dövlət rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Onların qətiyyətli siyasəti və uzaqgörənliyi sayəsində bu gün Qarabağ dirçəlir, xalqımız öz doğma yurduna qayıdır. Unutmamalıyıq ki, bu torpaqlar uğrunda minlərlə igid şəhid canını fəda edib. Onların müqəddəs ruhlarına Allahdan rəhmət diləyirik. Qazilərimizə can sağlığı arzulayırıq, onların fədakarlığı, döyüş meydanında göstərdikləri qəhrəmanlıq heç vaxt unudulmayacaq. Dualarımız ordumuzladır. Allah ordumuzu gücləndirsin, hər bir əsgərimizi qorusun və Azərbaycanı daim sülh, əmin-amanlıq içində yaşatsın. Qarabağ artıq azaddır, indi isə onu daha gözəl, daha abad və daha yaşanılası etmək bizim ortaq vəzifəmizdir”.

Şəhər sakini Rəbiyə Şəmilova: “Torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağa qayıdış xəbərləri mənim üçün sözlə ifadə olunmaz dərəcədə böyük sevinc və qürur hissi yaradır. Hər dəfə bu barədə bir xəbər eşidəndə, köç edən ailələrin görüntülərini görəndə gözlərim yaşarır, qəlbim kövrəlir. Uzun illər həsrətində olduğumuz torpaqlarımıza bu gün insanlarımızın qayıtdığını görmək əsl xoşbəxtlikdir. Allah Prezidentimizə can sağlığı versin. Onun güclü iradəsi, xalqımıza olan sevgisi və qətiyyətli siyasəti sayəsində bu gün biz doğma Qarabağımıza yenidən qovuşuruq. Bu, sadəcə torpaq uğrunda aparılan müharibənin deyil, həm də mənəviyyatın, ədalətin və tarixin qələbəsidir. İnsanların Qarabağa köç etməsi məni o qədər sevindirir ki, bəzən gecələr sevincimdən yata bilmirəm. Gözümün önündə sanki uşaqların gülüşü, anaların dua dolu baxışları, kişilərin əllərində bel və kürəklə torpağa qovuşması canlanır. Bu hisslər insana həyat verir, ruh verir, gələcəyə ümid verir. Qarabağda aparılan quruculuq və bərpa işləri də son dərəcə möhtəşəmdir. Hər gün yeni tikililər, müasir yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa olunur. Bu əzəmətli proses göstərir ki, Qarabağ təkcə azad edilməyib, eyni zamanda yenidən doğulur. Doğrudur, hələ ki, Qarabağa getməmişəm. Amma qəlbim hər an oradadır. Mən əminəm ki, yaxın vaxtlarda ora gedəcəyəm, doğma torpağımın torpağına ayaq basacağam, havasını ciyərlərimə çəkəcəyəm. Bu arzunun reallaşacağı gün üçün yaşayır, dua edir və səbirsizliklə gözləyirəm”.