Süni intellektlə hazırlanan yersiz videoların qarşısını necə almaq olar?
“Təəssüf doğuracaq bir haldır ki, son dövrlərdə internetin, yeni medianın, informasiya texnologiyalarının, o cümlədən süni intellektin və bu sahə ilə bağlı tətbiq, proqram və alətlərin, qlobal texnologiya şirkətlərinin təqdim etdiyi innovativ imkanların Azərbaycanda istifadəsi getdikcə mənfi məcraya yönəlir. Bu texnologiyalar dünyada müsbət məqsədlərlə – iqtisadi, sosial və mədəni inkişafın təmin olunması, yeni iş imkanlarının yaradılması, təhsilin və səhiyyənin əlçatanlığının artırılması istiqamətində geniş istifadə olunduğu halda, bizdə bu imkanlar çox vaxt düzgün istiqamətdə istifadə edilmir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.
Onun sözlərinə görə, hazırda dünyanın inkişaf etmiş ölkələrində süni intellektin tətbiqi ilə virtual biznes mühitləri formalaşdırılır, virtual reallıqlar zənginləşdirilir, hətta bəzi dövlətlər artıq virtual səfirliklər quraraq beynəlxalq münasibətlərə yeni nəfəs gətirirlər: “Eyni zamanda, elektron ticarət (e-ticarət), məsafədən təhsil (e-təhsil), ekoloji problemlərin həlli, mədəni irsin qorunması, yeni peşələrin formalaşdırılması və bir çox digər sahələrdə bu texnologiyaların verdiyi imkanlardan geniş şəkildə istifadə edilir. Lakin Azərbaycanda bu potensial, təəssüf ki, lazımi səviyyədə qiymətləndirilib dəyərləndirilmir. Məlum texnologiyalar çox vaxt mənasız, səviyyəsiz və əxlaqsız məqsədlər üçün istifadə olunur. Bəzi şəxslər – özü də bəzən cəmiyyətin hörmət bəslədiyi yaşlı təbəqənin nümayəndələri – süni intellekt kimi gələcəyimizin əsas açar texnologiyalarından birinə qarşı təhqiramiz və tərbiyəsiz ifadələrlə çıxış edərək onun imicinə xələl yetirirlər. Belə davranışlar təkcə etik yox, həm də hüquqi baxımdan məsuliyyət doğurmalıdır. Mən hesab edirəm ki, bu kimi şəxslər artıq hüquqi müstəvidə cavab verməlidirlər. Çünki süni intellekt təkcə texnoloji yenilik deyil, həm də Azərbaycanın intellektual və mədəni sərvətidir. Biz bu sərvəti qoruyub inkişaf etdirmək əvəzinə onu aşağılamağa, dəyərsizləşdirməyə, hətta “virtual zibilliyə” çevirməyə doğru gedirik.
Ən böyük problemlərdən biri isə Azərbaycanda ciddi virtual kitabxana resurslarının, bilik platformalarının, milli kontent bazalarının olmamasıdır. Bunun əsas səbəblərindən biri də odur ki, ölkədə internet istifadəçilərinin böyük bir hissəsi daha çox mənasız və səviyyəsiz kontent istehsalına yönəlib. Gəncləri əxlaqdan, mənəviyyatdan uzaqlaşdıran, ciddiyyətdən uzaq, boş gülüşlər, mənasız zarafatlar və sarkazmla dolu memlər artıq gündəlik həyatın və informasiya axınının əsas hissəsinə çevrilib. Bu hal milli-mənəvi dəyərlərimizə, gənc nəslin tərbiyəsinə və cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır.
Daha ağrılı məqam isə budur ki, bəzi hallarda süni intellekt vasitəsilə şəhidlərimizin xatirəsi, qazilərimizin qəhrəmanlığı, bayrağımız, tariximiz və mədəniyyətimiz məsxərəyə qoyulur, alçaldılır. Bu artıq fərdi məsuliyyət çərçivəsini aşaraq cəmiyyətin ümumi təhlükəsizliyi və mənəvi dəyərləri üçün ciddi siqnal xarakteri daşıyır. Belə şəxslər, mənə görə, cəmiyyət üçün təhlükə yaradan narkotik satanlar, ictimai təhlükəli cinayətlər törədənlər qədər cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları və eyni zamanda yeni yaradılacaq, internet məkanında mənəvi dəyərləri qorumağa yönəlmiş “Virtual Mənəvi Komissiya” bu sahədə monitorinq aparmalı, pozuculara qarşı hüquqi və maarifləndirici tədbirlər görməlidir”.
Sonda xüsusi olaraq vurğulamaq istərdim ki, əgər biz bu prosesə ciddi müdaxilə etməsək, milli-mənəvi dəyərlərimizlə yanaşı virtual məkanımız da zərər görəcək. Unutmayaq ki, internet artıq təkcə informasiya aləti deyil, həm də Azərbaycan üçün dünyaya açılan qapıdır. Və əgər biz bu qapıdan səviyyəsiz və mənasız şəkildə çıxış edəcəyiksə, həm özümüzü, həm də dövlətimizi beynəlxalq ictimaiyyət qarşısında biabır etmiş olacağıq”.