“Türkiyə-Azərbaycan arasındakı bağlar strateji, insani və emosional xarakter daşıyır”
“Kahramanmaraşda açılan “Azərbaycan məhəlləsi” təkcə bir yaşayış kompleksi deyil. Bu, qanla yazılmış qardaşlığın, dağıntılar arasında belə ümid inşa edən həmrəyliyin və strateji müttəfiqliyin vücuda gəlmiş halıdır.
Azərbaycan, ağrının yaşandığı yerə qardaşlığını göndərdi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.
Onun sözlərinə görə, 2023-cü ildə baş verən böyük zəlzələ fəlakətindən sonra Azərbaycan axtarış-xilasetmə qrupları ilk dəqiqələrdən etibarən sahədə idi. İndi isə daimi yaşayış evləri inşa edərək, Türkiyənin yükünü öz yükü hesab etdi: “Bu yanaşma sadəcə diplomatik nəzakət deyil, eyni millətin iki dövləti anlayışının təcəssümüdür.
Prezidentlər birlikdə təməl atdılar, birlikdə açarları təhvil verdilər. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin çiyin-çiyinə açılış etməsi Türk dünyası üçün sadəcə simvolik deyil, həm də geosiyasi və strateji mesajlar daşıyır. Bu mənzərə Türk xalqlarının taleyinin birliyini və gələcəyə dair ortaq baxışını da əks etdirir. Kahramanmaraşda bir məhəllənin “Azərbaycan” adını daşıması, həm şəhərin yaddaşında bir qardaşlıq nişanəsi kimi yaşayacaq, həm də uşaqlara, gənclərə “biz bir yerdəyik” fikrini aşılayacaqdır. Bu addımlar Şuşa Bəyannaməsinin ruhunun yalnız kağız üzərində qalmadığını, fəlakət, müharibə, inkişaf, mədəniyyət və humanitar həmrəylik sahələrində də yaşadığını göstərir.
Türkiyə ilə Azərbaycan arasındakı bağlar yalnız tarixi və mədəni deyil, strateji, insani və emosional xarakter daşıyır. Kahramanmaraşda açılan “Azərbaycan Məhəlləsi” də bu bağların bir rəmzi olaraq qalacaqdır.
“Bir millət, iki dövlət” ifadəsi artıq sadəcə bir şüar deyil, tikilən evlərlə, qurulan könül körpüləri və yaşanan ortaq sevinclərlə konkret bir reallığa çevrilmişdir”.