Efiopiyada “ASAN xidmət” mərkəzi açılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya Federativ Demokratik Respublikası hökumətinin dəvəti ilə bu ölkəyə səfər edib. SİA xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzinin rəsmi təqdimatı keçirilib. Nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin dövlət naziri müşayiət ediblər. Təqdimatda Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov da iştirak edib.
Ziyarət zamanı Azərbaycan nümayəndə heyəti üçün təqdimat keçirilib. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən, ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.
Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ötən il noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqində maraqlı olduqlarını ifadə edib və bununla bağlı Azərbaycan tərəfinin dəstəyini xahiş edib.
Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb, xidmətlərin vahid standartı müəyyən edilib, “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.
Əddis-Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və “ASAN xidmət” mərkəzlərinin konsepsiyası əsasında yenidən dizayn edilib. Xidmətlərin optimallaşdırılması və biznes proseslərin sadələşdirilməsi istiqamətində Efiopiyanın “MESOB” dövlət xidməti mərkəzində təmsil olunan aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.