“Azərbaycanda həm investisiya axını, həm də turizm axını müşahidə olunacaq”
“Kazinoların açılması əslində mümkündür. Müxtəlif təcrübələrə baxsaq, ölkələrin inkişaf təcrübəsinə nəzər salsaq, görərik ki, bəzi ölkələrdə bu, uğurla həyata keçirilib, bəzi ölkələrdə isə yox. Amma son dövrlər, xüsusən də bizim coğrafi bölgəyə baxsaq, görərik ki, çox vaxt kazinoların açılması, xüsusən də turizm sahəsinin inkişafına ciddi dəstək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, elə şəhərlər var ki, kazinolar olmadan inkişaf daha zəif templərlə gedir: “Azərbaycanda da turizm klasterlərinin formalaşdırılması üçün bu amil çox vacibdir. Gələcəkdə, məsələn, turizm klasterləri yaradıla bilər – şimal bölgəsində, Nabranda. Bildiyimiz kimi, orada adalar yaradılır. Abşeron yarımadasında da müəyyən ərazilərdə, əgər klaster yaradılırsa, kazinoların açılması qaçılmazdır. Və bu, artıq normal qəbul olunmalıdır. Mən hesab edirəm ki, kazinoların açılmasından sonra Azərbaycana həm investisiya axını, həm də turizm axınında kəskin artım müşahidə olunacaq. Və nə qədər gec başlasa, bir o qədər pisdir. Gürcüstan artıq bu prosesi başlayıb, Batumidə kazinolar açılıb. Batuminin inkişaf templərinə baxsaq, görərik ki, bu şəhər turizm klasteri olaraq digər bölgələri geridə qoyur. Ona görə də bu proses nə qədər tez başlasa, bir o qədər yaxşı olar”.