“Qız qaçırmaq artıq cinayət əməli hesab olunur”
“Azərbaycanda qızqaçırma halları tarixən müşahidə olunmuşdur. Yarım əsr öncə baş verən bu kimi hadisələr internet və sosial şəbəkələrin olmaması səbəbindən geniş ictimaiyyətə məlum olmurdu. Müasir dövrdə isə bu cür xəbərlər sürətlə yayılır və geniş müzakirələrə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, əvvəllər qızqaçırma hadisələri baş verdikdə, ailələr arasında ağsaqqallar vasitəsilə barışıq yaradılırdı: “Lakin bu heç vaxt cəmiyyət tərəfindən tam bəyənilən və düzgün hesab edilən bir hal olmayıb. Qızqaçırma adəti həm dini, həm də hüquqi baxımdan qəbuledilməzdir. Çünki İslam dininə görə evliliyin əsas şərtlərindən biri qızın valideynlərinin razılığı və halallığıdır. Bu razılıq olmadan qurulan ailə sağlam və düzgün təməl üzərində qurulmuş sayılmır.
Bu gün isə vəziyyət xeyli dəyişib. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, evlilik üçün minimum yaş həddi 18 olaraq müəyyən edilib. Qız qaçırmaq artıq cinayət əməli hesab olunur və buna görə Cinayət Məcəlləsində müvafiq maddələr nəzərdə tutulmuşdur. Bu, çox təqdirəlayiq və mühüm bir addımdır. Qızların hüquqlarının qorunması və onların gələcək həyatlarının təminatı baxımından bu cür hüquqi tədbirlər böyük əhəmiyyət daşıyır.
Son dövrlərdə qız qaçıran tərəfin məscid imamı olması isə xüsusilə narahatedici və düşündürücü haldır. Məscid imamı insanlara dini rəhbərlik edən, namaz qıldıran, xütbə verən, kəbin kəsən şəxsdir. Belə bir şəxsin qızın valideynlərinin razılığı olmadan nikah bağlaması, İslamın əsas prinsiplərindən birinin pozulması deməkdir. Bu isə imamın həm dini, həm də mənəvi məsuliyyətini yerinə yetirmədiyini göstərir və cəmiyyət arasında haqlı narahatlıq yaradır. Son baş vermiş hadisədə isə 18 yaşına çatmayan bir qızın könüllü olaraq belə bir əlaqəyə razılıq verməsi belə, hüquqi məsuliyyətdən qaçmaq üçün əsas sayıla bilməz. Qanun qarşısında bu, cinayət əməlinin tərkib hissəsidir və mütləq şəkildə məsuliyyət doğurur.
Qız övladlarımız 15-16 yaşlarında ailə həyatı qurmaq haqqında düşünmək əvəzinə elmə, təhsilə, şəxsi inkişaf və özlərinı uyğun ixtisas,peşə seçiminə yönəlməlidirlər. Evlilik, qanunla müəyyən edilmiş yaşa çatdıqdan sonra və ailələrin razılığı ilə həyata keçirilməlidir. Erkən evliliyin fəsadları – təhsil imkanlarının məhdudlaşması, psixoloji və fiziki travmalar, erkən analıq və sosial təcrid halları cəmiyyət üçün ciddi problemlər doğura bilər. Buna görə də erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri gücləndirilməlidir.
Sosial şəbəkələrin bu kimi halların yayılmasına səbəb olması isə ayrıca diqqət tələb edən məsələdir. Sosial media həm düzgün maarifləndirmə, həm də yanlış yönləndirmə vasitəsi ola bilər. Buna görə də ailələr, məktəblər və cəmiyyətin müxtəlif təbəqələri bu məsələdə birgə səylə çalışmalı, gəncləri düzgün istiqamətləndirməlidirlər”.