“Şahdəniz” yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb. Bu barədə SİA-ya Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 1999-cu ildə kəşf olunmuş bu yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
Qeyd edək ki, yataqdan ilk qaz hasilatına “Şahdəniz Mərhələ-1” layihəsi üzrə 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə 2018-ci ilin iyulunda başlanılıb.
Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişi (PSA) 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).