İqtisadiyyat

“Azərbaycan Nəşriyyatı”nın zərəri 14 %-dən çox artıb


Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1,842 milyon manat zərərlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,4 % çoxdur.

Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,663 milyon manat (əvvəlki ilə nisbətən 0,6 % az), xərcləri isə 7,506 milyon manat (2,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 31,112 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18,7 % azalaraq 762 min manata, balans kapitalı isə 5,7 % azalaraq 30,35 milyon manata düşüb.

Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan Nəşriyyatı”nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.