Siyasət

Nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib


Xorvatiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyunun 24-də Zaqreb Milli və Universitet Kitabxanasını (NSK) ziyarət edib. Nazirlikdən SİA-ya bildirilib ki, nümayəndə heyətinə kitabxananın tarixi, fondları, nəşrlərin saxlanma şəraiti, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Kitabxananın rəhbərliyi ilə görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu elm ocağının fəaliyyətini və göstərilən xidmətin səviyyəsini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan Milli Kitabxanası ilə Zaqreb Milli və Universitet Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması, təcrübə və kitab mübadiləsi, fondların rəqəmsallaşdırılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir müavini Azərbaycan tərəfinin iki ölkənin aparıcı kitabxanaları arasında əlaqələrin inkişafında, mədəni mübadilənin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.