Çexiya hərbi büdcəsini artırmağa hazırdır
Baş nazir Pyotr Fiala hökumətin iclasından sonra bildirib ki, Çexiya ÜDM-in 5 faizinə qədər müdafiə xərclərini artırmağa hazırdır. SİA xəbər verir ki, artım barədə qərar bu gün Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitində qəbul edilib. Baş nazirin sözlərinə görə, Çexiya nümayəndə heyətinin hökumət tərəfindən təsdiq edilmiş mandatı ilkin olaraq belə bir artıma razılıq verilməsi imkanını nəzərdə tuturdu. P.Fiala xatırladıb ki, Çexiya hökuməti mart ayında müdafiə xərclərinin 2030-cu ilə qədər tədricən ÜDM-in üç faizinə, hər il 0,2 faiz artırmağa qərar verib. “Əgər biz bunu sonrakı illərə ekstrapolyasiya etsək, o zaman onun tam olaraq necə müəyyən olunduğundan asılı olaraq 2032 və ya 2035-ci ilə qədər 3,5 faiz səviyyəsinə çatmaq bizim üçün çətin olmamalıdır”, – deyə Baş nazir əlavə edib.
Haaqa sammitindən “Reuters” agentliyinin məlumatına görə, NATO müttəfiqləri 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmağı öhdələrinə götürüblər. Onlara yenidən baxılması 2029-cu ildə baş verəcək. Müttəfiqlər həmçinin NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit edilmiş kollektiv müdafiəyə sadiqliklərini bir daha təsdiqləyiblər.