Siyasət

Media sahəsində təcrübə mübadiləsi proqramının ilk mərhələsi həyata keçirilib


Azərbaycan Audiovizual Şurası, Serbiya Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) və Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsi proqramı həyata keçirilib.

Bu barədə SİA-ya Audiovizual Şuradan məlumat verilib.

Bildiirlib ki, 23–27 iyun tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində reallaşdırılan proqramın əsas məqsədi audiovizual medianın tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviq olunması olub.

Təcrübə proqramı çərçivəsində iştirakçılar audiovizual medianın monitorinqi, məzmunun təhlili, müvafiq qanunvericilik və hüquqi mexanizmlər, tənzimləyici prinsiplər və media siyasəti sahəsində fikir və təcrübə mübadiləsi aparıblar. Azərbaycan və Türkiyədən olan nümayəndələr REM-in gündəlik fəaliyyəti ilə yanaşı, Serbiyanın bir neçə televiziya və radio kanallarının, ictimai yayımçının iş prosesi və Milli Teleqüllə kompleksi ilə yaxından tanış olublar.

Bu təcrübə proqramı üçtərəfli əməkdaşlığın və üçtərəfli təcrübə mübadiləsi proqramının ilk mərhələsini təşkil edir. Tərəflər qarşıdakı dövrdə analoji təcrübə mübadilələrinin davam etdirilməsini planlaşdırırlar.