Sosial

“Gənclərimiz diplom almaq üçün yox,..”


“İllərdir biz, Azərbaycan təhsil sisteminin – xüsusilə də orta məktəbdən sonrakı mərhələlərdə, yəni peşə məktəbləri, müxtəlif sənətlərlə bağlı ixtisaslaşmış təhsil ocaqları və ali məktəblərdə – müasir dövrün tələblərinə cavab vermədiyini, cəmiyyətin və dünyanın sürətli inkişafı ilə ayaqlaşmadığını bildirirdik. Təəssüf ki, bu sahədəki boşluqlar gənclərin təhsildən və əmək bazarından düzgün şəkildə bəhrələnməsinə əngəl olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son illərdə isə bu problemlərə əlavə olaraq robotlaşma, avtomatlaşma, süni intellektin geniş tətbiqi, informasiya texnologiyalarının və iqtisadi modelin sürətlə dəyişməsi, kənd təsərrüfatı da daxil olmaqla bir çox sahədə texnologiyanın təsiri kimi faktorlar da əlavə olunub. Beləliklə, təhsil sistemi ilə real həyat arasındakı uçurum daha da böyüyüb. Bu da bir sıra sosial və iqtisadi çətinliklərin yaranmasına səbəb olur: “Həmişə bu fikrin tərəfdarı olmuşam ki, Azərbaycanda formalaşan təhsil kapitalı, yəni gənclərimizin potensialı xarici ölkələrə axıdılmamalıdır. Xüsusən də Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər yaxın ölkələrdə fəaliyyət göstərən, səviyyəsi aşağı olan universitetlərə üz tutan gənclər təkcə akademik baxımdan yox, həm də mənəvi və milli dəyərlər baxımından zəifləyirlər. Bu gənclər zamanla dövlətçilik və millilik ruhundan uzaqlaşır, cəmiyyətin nəzarətindən kənarda qalaraq hansı istiqamətə yönələcəkləri qeyri-müəyyən olur.

Halbuki onlar ölkədə təhsil alsaydılar, həm daha səmərəli, həm də peşəkar mütəxəssislərə çevrilə bilərdilər. Onların bilik və bacarıqları cəmiyyətin inkişafı üçün faydalı ola bilərdi. Lakin gənclərimiz xaricə üz tutduqda, həm ailələri, həm də dövlət üçün əlavə maliyyə və mənəvi yük yaranır. Ən pisi isə onların gələcək taleyi və ideoloji yönü ilə bağlı narahatlıqdır. Bu problemlərin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. İlk növbədə, ali məktəblərə qəbul prosesi daha şəffaf və əlçatan olmalıdır. Eyni zamanda, orta məktəblərin buraxılış imtahanlarının səviyyəsi yüksəldilməli, bu mərhələdə şagirdlərin real bilikləri ciddi şəkildə yoxlanmalıdır. Təhsil pillələri arasında uyğunluq yaradılmalı, orta təhsil ali təhsilə sağlam zəmin hazırlamalıdır.

Bölgələrdə yeni universitetlər, startap mərkəzləri və müasir təhsil infrastrukturunun yaradılması vacibdir. Bu həm bölgələrin inkişafına təkan verər, həm də Bakıya və xaricə olan gənc axınının qarşısını alar. Həmçinin, ali məktəb məzunlarının işlə təmin olunması üçün dövlət strukturları və özəl sektor birgə əməkdaşlıq etməli, təhsil alan hər bir gənc gələcək karyerasına ümidlə baxmalıdır. Diplom yalnız kağız parçası deyil, gəncin sahib olduğu real bilik və bacarıqların göstəricisi olmalıdır. Bu səbəbdən ali təhsil müəssisələrinin fəaliyyətinə nəzarət gücləndirilməli, təhsil real həyatın tələblərinə uyğunlaşdırılmalıdır.

Diplomlu, lakin işsiz gənclərin sayının artması isə sosial təhlükəyə çevrilməkdədir. Gənclərin öz peşəsində işləyə bilməməsi onların potensialını məhv edir və ölkənin resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Son dövrlərdə demoqrafik azalmanın və gənc işçi qüvvəsinin xaricə axınının artması bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Əgər bu tendensiya davam etsə və biz məsələyə biganə yanaşsaq, ölkənin sosial-iqtisadi inkişafı ciddi şəkildə ləngiyəcək. Bu baxımdan, bölgələrdə real iş yerlərinin yaradılması, peşə təhsilinin gücləndirilməsi və universitetlərin yalnız tədris müəssisəsi kimi deyil, həm də sosial və iqtisadi inkişaf mərkəzi kimi fəaliyyət göstərməsi son dərəcə vacibdir. İnsanlar yalnız Bakıya və xaricə üz tutmaq məcburiyyətində qalmamalıdır. Əgər biz bölgələrdə həm keyfiyyətli təhsil, həm də layiqli iş imkanları yarada bilsək, bu axının qarşısını almaq mümkündür.

Nəticə olaraq əsas fikir budur: təhsilə olan münasibət dəyişməlidir. Gənclərimiz diplom almaq üçün yox, real bilik və bacarıq əldə etmək, cəmiyyətə faydalı olmaq və öz gələcəyini qurmaq üçün oxumalıdır. Yalnız bu halda təhsil sistemi ölkənin inkişafına xidmət edə bilər”.