“Azərbaycan polisi cəmiyyətin etimad bəslədiyi, güvəndiyi bir quruma çevrilib”
Azərbaycan cəmiyyətində hüquq və asayişin təmin olunmasında daxili işlər orqanları müstəsna rol oynayır. Polis sisteminin müasir hüquqi bazaya əsaslanan, güclü və çevik struktur kimi formalaşması, inkişafı isə ölkəmizin müstəqillik dövrünə, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərə təsadüf edir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Sərəncamı ilə 2 iyul tarixi “Azərbaycan Polisi Günü” elan olunub və həmin tarixdən etibarən bu əlamətdar gün hər il dövlət səviyyəsində qeyd olunur: “Məhz Ulu Öndərin rəhbərliyi ilə başlanılan hüquqi və institusional islahatlar nəticəsində daxili işlər orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğun şəkildə yenidən təşkil olunub”.
S.Salmanovanın sözlərinə görə, bu gün Azərbaycan polisi ictimai asayişin və sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri uğurla yerinə yetirir: “Azərbaycan Prezidenti İlham Əliyevin hüquq-mühafizə orqanlarına, xüsusilə də daxili işlər sisteminə göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə keyfiyyətli dönüş yaradıb. Son illər ərzində polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təlim və hazırlıq mərkəzlərinin yaradılması, əməkdaşların sosial rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Bütün bunlar nəticəsində Azərbaycan polisi bu gün yüksək ixtisaslı, peşəkar və çevik kadrlar korpusuna malik bir quruma çevrilib”.
Deputat vurğulayıb ki, Vətən müharibəsi dövründə də Azərbaycan polisi öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirib: “Həm ön, həm də arxa cəbhədə ictimai təhlükəsizliyin qorunması, əhalinin əmlak və həyatının müdafiəsi sahəsində polis əməkdaşları böyük əzmkarlıq nümayiş etdirdilər. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə paralel olaraq həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində də daxili işlər orqanlarının üzərinə mühüm funksiyalar düşür. Polis əməkdaşlarının fəaliyyəti sabitliyin qorunmasına, mülki əhalinin və infrastruktur obyektlərinin müdafiəsinə xidmət edir.”
Millət vəkili əlavə edib ki, Azərbaycan polisi bu gün cəmiyyətin etimad bəslədiyi, güvəndiyi bir quruma çevrilib: “Vətəndaşlarımız bu gün polisə təkcə hüquq keşikçisi kimi deyil, həm də təhlükəsizliyin və əmin-amanlığın qarantı kimi baxırlar. Bu, ilk növbədə düzgün idarəetmə siyasətinin və hüquq-mühafizə sisteminə göstərilən davamlı dövlət qayğısının nəticəsidir.”
S.Salmanova sonda 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə başda Daxili İşlər Naziryinin rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarını və veteranları təbrik edib, onlara möhkəm can sağlığı, xidməti fəaliyyətlərində uğurlar və ailə səadəti arzulayıb: “Əminəm ki, hüququn aliliyini, ölkəmizdəki sabitliyi və ictimai asayişi qoruyan Azərbaycan polisi bundan sonra da dövlətimizin, xalqımızın və qanunun keşiyində əzmlə dayanacaq”.