İnsanların ağ və qara rəngli maşınlara üstünlük verməsi nədən qaynaqlanır?
“Hazırkı dövrdə Azərbaycanda istismarda olan nəqliyyat vasitələrinin əksəriyyəti əsasən ağ rəngdə və digər açıq monoetik çalarlarda təqdim olunur. Bu tendensiyanın əsas səbəblərindən biri kimi ağ rəngin yüksək albedoya malik olması, yəni günəş şüalarını daha effektiv əks etdirmə xüsusiyyəti göstərilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan coğrafi mövqeyinə görə günəşli iqlimə malik ölkələr sırasındadır və bu faktor avtomobil rənglərinin seçimində mühüm texniki parametr kimi nəzərə alınır: “Avtomobil rəngi yalnız texniki göstərici olmaqla məhdudlaşmır; o, həmçinin estetik və psixoloji aspektlər baxımından da əhəmiyyətlidir.
Rəng seçimi nəqliyyat vasitəsinin vizual təsirinə, fərqləndirici xüsusiyyətlərinə və bəzi hallarda sürücünün davranış modellərinə təsir göstərə bilər. İstehlakçıların avtomobil seçimi zamanı diqqət yetirdikləri əsas göstəricilərdən biri də məhz onun rəngidir. Xüsusilə premium və ya idxal olunan avtomobil modellərində rəng müxtəlifliyi daha geniş spektrdə təklif olunur; qara, boz, göy, qırmızı kimi çalarlara rast gəlinir ki, bu da bazar tələblərinə uyğun formalaşır.
Bununla belə, nəqliyyat vasitələrinin rəng baxımından homogen olması şəhər vizualizasiyasında monotonluğa səbəb ola bilər. Vizual monotoniya isə şəhər estetikası və urbanistik dizayn baxımından arzuolunmaz nəticələr doğura bilər. Avtomobillərin rəngarəngliyi isə həm fərdi zövqlərin ifadəsi, həm də şəhər məkanının vizual dinamizminin artırılması baxımından müsbət əhəmiyyət daşıyır. Nəticə etibarilə, hərçənd ki, ağ rəng texniki və iqlim şəraitinə uyğun olaraq səmərəli hesab olunur, lakin estetik və sosial baxımdan rəng müxtəlifliyinə üstünlük verilməsi şəhər mühitinin ümumi vizual keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər”- deyə ekspert əlavə edib.