“Mirziyoyevin səfəri iki ölkə arasında yeni dövrün başlanğıcıdır”
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə protokol xarakterli deyil, dərin məzmun və konkret perspektivlər daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan ortaq tarixi, dini və mədəni köklərə malik olmaqla yanaşı, türkdilli dövlətlər içində xüsusi sinerji yaradan iki əsas oyunçudur: “İki ölkə arasında əməkdaşlıq təkcə siyasi deyil, iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində də yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Özbəkistan Orta Asiyada, Özbəkistan üçün isə Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaşdır. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat-logistika layihələri bu tərəfdaşlığın mühüm sütunlarından biridir. Eyni zamanda, türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi baxımından bu iki dövlətin əməkdaşlığı mühüm lokomotiv rolunu oynayır. Qarabağda aparılan bərpa işlərinə Özbəkistanın verdiyi töhfə – xüsusən Füzulidə tikilən məktəb – dostluğun konkret simvoludur. Özbəkistan üçün Azərbaycan, Avropaya açılan qapı rolunu oynayır.
Bu əməkdaşlıq regional sabitliyin qorunması və iqtisadi imkanların birgə dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. İki ölkənin liderləri arasında yaranmış şəxsi dostluq münasibətləri dövlətlərarası əlaqələrə də dinamizm qazandırır. Gələcək illərdə bu münasibətlərin daha da dərinləşməsi gözlənilir. Bu səfər həm də Türk Dünyasının siyasi birliyinə verilmiş önəmli bir mesajdır”.