Siyasət

Rusiya iqtisadiyyatı çökür


Rusiyanın dövlət inkişaf bankı olan “Vneşekonombank”ın baş iqtisadçısı Andrey Klepaç “Le Monde” nəşrinə müsahibəsində ölkəsinin iqtisadiyyatının durğunluq vəziyyətində olması ilə bağlı fikirlərini bildirib, lakin onun payıza qədər bərpa olunacağını gözlədiyini qeyd edib. Vneşekonombankın baş iqtisadçısı, 1998-1999-cu illərdə Rusiya Mərkəzi Bankında tədqiqatlar üzrə direktor, 2008-2014-cü illərdə isə ölkənin iqtisadi inkişaf nazirinin müavini vəzifələrində çalışmış 66 yaşlı Andrey Klepaç Rusiya maliyyə institutlarının modernləşdirilməsinə, formalaşdırılmasına və inkişafına nail olması ilə məşhurlaşıb. Ekspert izah edir ki, bu gün Rusiya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ölkənin ÜDM-nin 8%-dən çoxunu təşkil edən müdafiə sahəsinə çevrilib.

Rusiya tənəzzülə girib

Andrey Klepaç: “Mən bunu durğunluq və ya artımın dayanması adlandırmaq istərdim. 2025-ci ilin birinci rübündə bu artım göstərici 2024-cü ilin son rübü ilə müqayisədə 0,5% azalıb. İl ərzində 2024-cü ilin birinci rübü ilə müqayisədə artım 1,4% təşkil edib. İlkin təxminlərimiz ikinci rübdə nə artım, nə də azalma ilə bağlı idi. May və iyun aylarında aprellə müqayisədə azalma cüzi olub. Ancaq bu, tənəzzül deyil.

Nəzəri olaraq artım üçüncü rübdə və ya ilin ikinci yarısında bərpa olunacaq… bir sözlə, payızdan. Bu, daha çox kənd təsərrüfatı və hərbi sektorun nəticələrindən asılı olacaq. Ümumilikdə, biz 2025-ci ildə təxminən 1,5% artım gözləyirik. 2026-cı ildə bu rəqəmin 2,3%-dən çox – 2,5% olacağı gözlənilir. İstehlak əlbəttə ki, yavaşladı, lakin böyüməyə davam edir. Birinci rübdə investisiyalar 5% artıb – bu, gözləniləndən də artıqdır və gələcək artıma töhfə verir. Bu tendensiya təkcə dövlət deyil, həm də özəl layihələrə aiddir. Bu yaxşı əlamətdir.

Əlbəttə, nəzərə alsaq ki, müdafiə və milli təhlükəsizlik xərcləri müharibə başlamazdan əvvəl 5%-lə müqayisədə indi ümumi daxili məhsulun 8%-dən çoxunu təşkil edir. Bu, enerji sektoru ilə yanaşı, hazırda iqtisadiyyatımızın əsasını təşkil edir. Xərclərin bu səviyyəsi ABŞ-ın Koreya müharibəsi zamanı çəkdiyi xərclər səviyyəsinə bənzəyir. Biz dəqiq rəqəmləri dərc edə bilmərik, çünki bu rəsmi məlumatlar indi məxfi məlumat kimi təsnif edilir, lakin bu bir faktdır ki, bu sektor hazırda ildə 10%-dən çox böyüyür. Bununla belə, eyni zamanda mülki sektorlarda da, xeyli az da olsa, artım var: avtomobil, kimya, tikinti, ərzaq istehsalı… Onların inkişafı dövlətin pul siyasətindən çox asılı olacaq. 2026-cı ildə bu sektorlar yenidən iqtisadiyyatın əsas hərəkətverici qüvvələrinə çevrilə bilər. Hazırda çox yüksək faiz dərəcələrinə görə şirkətlər investisiyalar və artım üçün maliyyə tapmaqda çətinlik çəkirlər: investisiyaların 70%-dən çoxu şirkətlərin öz vəsaitləri, 20%-dən çoxu isə dövlət hesabına həyata keçirilir. Bankların 20%-dən yuxarı faizlə verdiyi kreditlərin payı faktiki olaraq azdır. Rublun hazırkı möhkəmlənməsi də problemdir, çünki bu komponent ixrac gəlirlərini daha da azaldır. Bu əlavə mənfi amildir.

Sanksiyalar iqtisadi artımı ləngidir. Onlar, ilk növbədə, texnoloji və maliyyə xarakterli çox ciddi maneələri təmsil edir. Rusiya iqtisadiyyatı hələ də idxaldan çox asılı olduğundan, bu tədbirlər texnologiyaların, ehtiyat hissələrin alınmasına mane olur…

Amma son üç ildə bir çox Rusiya şirkətləri yerli istehsal və ya digər ölkələrdən, ilk növbədə Çindən idxal hesabına başqa yollar tapa biliblər. Məsələn, Renault-Nissan tədarükü dayandırıldığı üçün AvtoVAZ avtomobil zavodu altı ay işləməyib. Lakin müəssisənin yenidən təşkili və tapılan yeni təchizatçılar sayəsində fəaliyyətini bərpa etmək, hətta yeni istehsal xətlərini işə salmaq mümkün olub. Qərbin sanksiyaları maneələr yaradır, lakin hasilatı başqa cür təşkil etməklə onların öhdəsindən gəlməyə çalışır Rusiya. Rusiya iqtisadiyyatı buna necə uyğunlaşacağının yollarını axtarır.

Rusiya ilə Çin arasında illik ticarət həcmi hazırda 200 milyard dolları ötməklə, əsasən Çindən asılıdır. Rusiya alternativlər tapmağa çalışır. Müxtəlif səbəblərdən Çin də öz növbəsində avropalıların etdiyi kimi Rusiyaya idxalı dayandıra bilər. Keçmişdə ölkələrimiz arasında münasibətlərin tarixində həmişə yüksəliş və enişlər olub. Əlbəttə, bu gün Rusiya çinli tərəfdaşlarına daha çox güvənir, lakin ÇXR rəhbərliyi ilk növbədə ölkənin iqtisadi maraqlarını qoruyur: ABŞ və Avropa ilə ticarət onun üçün Rusiyadan daha vacibdir. Məhz buna görə də ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların fəsadlarından qorxan Çin onları tətbiq etmək məcburiyyətində qalıb: Çin bankları ödənişləri qismən, ixracatçılar isə çatdırılmanı dayandırmalı olublar. Beləliklə, Rusiya Çindən həddindən artıq asılı vəziyyətə düşüb.

V.VƏLİYEV