Suveren Azərbaycanda kənd təsərrüfatının rəqəmsal siyahıyaalınması
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla heç vaxt barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün böyük əzm və qətiyyət göstərdi. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müntəzəm müraciətləri Azərbaycan xalqının özünəinamını daha da gücləndirərək onu bir amal uğrunda birləşdirdi. Beləcə, hər bir müraciət müharibənin gedişatına və taleyinə güclü təsir göstərərək növbəti qələbələrin müqəddiməsinə çevrildi.
2023-cü il sentyabrın 19-20-də Müzəffər Azərbaycan Ordusunun apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etmiş oldu. Bununla da Azərbaycan işğala son qoyaraq dünya tərəfindən qəbul edilən suveren ərazisində konstitusiya quruluşunun bərpasına nail oldu.
İşğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə artıq işğala son qoyulandan qısa müddət sonra başlanmışdır.
İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin sistemləşdirilməsi və vahid formada idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Proqrama əsasən işğaldan azad edilmiş ərazilərdə kompleks şəkildə görüləcək işlərin icrası üçün tədbirlər planı hazırlanmışdır. Proqramda əhalinin məskunlaşması da daxil olmaqla iqtisadiyyatın bütün sahələri, o cümlədən, kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı tədbirlər də öz əksini tapmışdır. Burada kənd təsərrüfatı dövriyyəsinə yeni torpaq sahələrinin cəlb olunması, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi hədəf kimi qarşıya qoyulmuşdur.
İşğaldan əvvəlki dövrdə Qarabağ və Şərqi Zəngəzur ərazisi yüksək kənd təsərrüfatı göstəriciləri ilə seçilir, ölkənin taxıl, pambıq, tütün, üzüm, ət, süd, yun və barama istehsalının əhəmiyyətli hissəsi həmin ərazilərin payına düşürdü. Bütün bunları nəzərə alaraq, regionun aqrar sahədə əvvəlki şöhrətini bərpa etmək məqsədilə lazımi tədbirlər və hazırlıq işləri davam etdirilir. Məskunlaşma prosesi ilə yanaşı olaraq kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər kənd təsərrüfatı vasitələri ilə təmin edilməsi istiqamətində dövlət tərəfindən tədbirlər də həyata keçirilməkdədir. Qeyd edək ki, bu bölgədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial mövcuddur.
Azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün böyük potensialın olduğu məlumdur. Bu ərazilərdəki zəngin otlaq və yaylaqların mövcudluğu heyvandarlığın və arıçılığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Statistik məlumatlara əsasən deyə bilərik ki, işğaldan azad olunmuş rayonların heyvandarlıq məhsullarının istehsalında xüsusi çəkisi yüksək olmuşdur. Belə ki, 1986-1989-cu illərdə ölkə üzrə iribuynuzlu mal-qaranın orta hesabla 15 faizi, xırdabuynuzlu mal-qaranın 20 faizi, ət istehsalının 15 faizi, süd istehsalının 15 faizi, yumurta istehsalının 10 faizi, yun istehsalının isə 20 faizi bu ərazilərin payına düşürdü.
Azad olunmuş torpaqlarda görülən ilk işlərdən biri də bu torpaqların əkilib-becərilməsi olmuşdur. Müharibənin başa çatdığı ilk günlərdən etibarən aidiyyəti dövlət qurumları tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. İşğala son qoyulduqdan sonrakı dövrdə sözügedən ərazilərdə bir neçə növ kənd təsərrüfatı bitkiləri əkilmiş, təsərrüfatlarda iri və xırdabuynuzlu heyvanların saxlanılmasına başlanmışdır. Bitkiçilik məhsullarından əsasən buğda, arpa və şəkər çuğundurunun əkinləri üstünlük təşkil etmiş və əkin sahələrinin ölçüsü ildən-ilə artan dinamika üzrə inkişaf etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən cari ildən etibarən işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı və yaşadığı inzibati ərazi dairələrinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlərin aparılması üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə müvəqqəti icarəyə verilməsinə başlanmışdır.
Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək aqrar sektorda böyük uğurlar əldə etmək olar. Bu uğurların mənbəyində bölgənin münbit torpaqları və zəngin su ehtiyatları dayanır. Məhsuldarlığın artmasında çox mühüm rol oynayan bu amillər investorların əraziyə cəlb olunmasına yol açacaq. Bu, həm əhalinin məşğulluğunun təmin edilməsində rol oynayacaq, həm də istehsalın yüksəlməsi ilə həmin rayonlarda kənd təsərrüfatı ilə yanaşı, emal sənayesinin də genişlənməsinə gətirib çıxaracaq. Nəticədə əhalinin ərzaq məhsulları ilə dayanıqlı təminatı yüksəlmiş olacaq, ixrac potensialını artırmaq imkanları yaranacaq və bu da öz növbəsində ölkəyə daxil olan valyutanın artması ilə müşahidə olunacaq.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə birbaşa dövlət dəstəyi olaraq subsidiyaların və vergi güzəştlərinin verilməsi, kənd təsərrüfatı təyinatlı əksər maşın və texniki vasitələrin idxal rüsumundan azad olunması kimi alətlərin tətbiqi bu sahədə inkişafa öz bəhrəsini verməkdədir. AnchorAnchorSon illər ərzində dövlət dəstəyi hesabına regionlarda soyuducu anbarların, müasir taxıl elevatorlarının və digər logistika obyektlərinin qurulması, habelə yol-nəqliyyat infrastrukturunun inkişafı, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi hesabına suvarma suyu ilə təmin olunan torpaqların əhatəsinin genişlənməsi, gübrə, pestisid ilə təminatın yaxşılaşdırılması fermerlərin bazarlardakı mövqeyini möhkəmləndirmişdir. Aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu mühüm tədbirin həyata keçirilməsinə zərurət var idi.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndində 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbir öz əksini tapır.
Bu Sərəncamın icrası olaraq “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı ilə ölkə üçün müstəsna əhəmiyyətə malik olan bu tədbirin 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin sözügedən qərarı ilə Tədbirlər Planı təsdiq edilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, digər aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş və İstiqamətləndirici Komitə yaradılaraq tərkibi təsdiq edilmişdir.
Bu il keçiriləcək kənd təsərrüfatı siyahıyaalınmasının əvvəlki siyahıyaalmalardan başlıca fərqi, onun suveren Azərbaycanın bütün ərazilərini əhatə etməsidir. Yəni, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş ərazilərdə də ilk dəfə olaraq kənd təsərrüfatının siyahıyaalınması keçiriləcəkdir.
2025-ci ildə ölkəmizdə keçiriləcək siyahıyaalma zamanı hüquqi şəxslər siyahıyaalma vərəqələrini özləri, Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə real vaxt rejimində daxil olmaqla dolduracaqlar (CAWI üsulu: Computer-Assisted Web Interviewing). Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə siyahıyaalma vərəqələri isə siyahıyaalmanın keçirilməsinə cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə etməklə sorğu yolu ilə (CAPI üsulu: Computer Assisted Personal Interviewing – kоmpüter vasitəsilə şəxsi müsahibə) doldurulacaq. Beynəlxalq qaydalara uyğun olaraq sorğu zamanı siyahıyaalma vərəqəsi üzrə məlumatlar respondentin şifahi cavabları əsasında, həmin cavabların düzgünlüyünü təsdiq edən hər hansı sənəd tələb edilmədən qeydə alınır.
Kağız formatında keçirilən siyahıyaalmalarla müqayisədə siyahıyaalmanın planşet tipli kompüterlər vasitəsilə keçirilməsinin bir sıra üstünlükləri vardır. Bu halda yekun məlumatların əldə olunmasına 7-8 ay az vaxt tələb olunur, 410 nəfərdən artıq işçinin 6-9 ay müddətinə işə qəbul edilməsinə, 1,2 milyon ədəd 10 səhifəlik siyahıyaalma vərəqəsinin çap olunmasına ehtiyac qalmır. Eyni zamanda siyahıyaalma məlumatları birbaşa elektron daşıyıcılara daxil edilir və kompüter operatorlarının səhv etmə ehtimalı aradan qalxdığı üçün yekun məlumatların keyfiyyəti artır, bir sayıcının sorğu keçirməli olduğu təsərrüfatların sayı artdığı üçün büdcə vəsaitinə qənaət olunur. Belə ki, 2015-ci ildəki siyahıyaalma ilə müqayisədə 2025-ci ildə keçiriləcək siyahıyaalma vərəqəsindəki sualların sayının 31-dən 37-dək artmasına baxmayaraq, CAPI üsulunun tətbiqi bir sayıcının yükünün 100 təsərrüfatdan 120 təsərrüfatadək artırılmasına şərait yaratmışdır.
Siyahıyaalma başa çatdıqdan sonra planşet tipli kompüterlər onlardan səmərəli istifadəni təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinə təhvil veriləcəkdir.
2025-ci ildə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilmişdir. Tədbir rayonun üç inzibati ərazi dairəsi üzrə səkkiz yaşayış məntəqəsində ümumilikdə 1942 təsərrüfatı əhatə etmişdir.
Sınaq siyahıyaalma zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “2020-ci il Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramı”nın tövsiyələri, əvvəlki siyahıyaalmaların təcrübəsi, kənd təsərrüfatının yerli xüsusiyyətləri, aidiyyəti dövlət qurumlarının, beynəlxalq ekspertin rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış siyahıyaalma vərəqəsi və onun doldurulması qaydaları, CAPI üsulu ilə əldə ediləcək məlumatların elektron formada daxil edilməsi üçün metodoloji əsasları və praktiki aspektləri özündə ehtiva edən xüsusi proqram təminatları təcrübi olaraq planşet tipli kompüterlərdə uğurla sınaqdan çıxarıldı.
Ümumilikdə, 2025-ci ildə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cins heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır. Bütün bunlar müvafiq qərarların qəbul edilməsində mühüm informasiya mənbəyi kimi çıxış etməklə, bu sahədə statistik müşahidə və tədqiqatların, elmi araşdırmaların aparılmasında baza rolunu oynayacaq, eyni zamanda müvafiq statistik məlumatların beynəlxalq müqayisəliliyi təmin ediləcəkdir.
Vaqif Rəsul
Dövlət Statistika Komitəsi Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri