Sosial

FHN-in Gəncə Regional Mərkəzində metodiki toplantı keçirildi


Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib. SİA xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.

Tədbirdə Regional Mərkəzin əməkdaşları, regiondakı şəhər və rayon icra hakimiyyətlərinin mülki müdafiə qərargahlarının rəisləri, aidiyyəti xidmətlərin, idarə və təşkilatlarınn səlahiyyətli şəxsləri iştirak ediblər.

Toplantının keçirilməsində əsas məqsəd ərazidə mülki müdafiə işinin təşkilinin mövcud vəziyyətinin təhlili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsinin aparılması olub. Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq ərazidə mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlərdən söz açılıb, onların həllinə dair təkliflər səsləndirilib. Həmçinin, idarə və təşkilatlara mülki müdafiə sahəsində göstərilmiş metodiki köməkliklərdən danışılıb, əhalinin xəbərdar edilməsi, maarifləndirmə sahəsində görülmüş işlərdən bəhs olunub.

Metodiki toplantıda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.