Siyasət

Parlament QHT-lərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsini qəbul edib


Milli Məclis qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblərin təkmilləşdirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişiklik parlamentin bugünkü iclasında müzakirə edilib.

Qeyd edilib ki, hazırki tələblərə əsasən qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Təklif edilən yeni dəyişikliyə əsasən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

O da qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.