Azərbaycanda tədarük məntəqələrinə 186 tondan çox yaş barama təhvil verilib
Azərbaycanda iyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.
2025-ci təsərrüfat ilində Zaqatala, Balakən və Ağcabədi rayonlarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bugünədək Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8628 ton), Qax (8029 ton), Bərdə (7343 ton), Füzuli (7254 ton), Tərtər (6540 ton), Ağdaş (5695 ton), Lənkəran (5426 ton) və Sabirabadda (5177 ton) yaş barama istehsalı 5 min tondan artıq olub.
Qutu başına düşən yaş barama istehsalına görə Zərdab rayonu liderdir. Rayon üzrə orta məhsuldarlıq qutu başına 50 kiloqram yaş barama təşkil edir. Orta məhsuldarlıq göstəricisi Qazax (49 kq), Cəbrayıl (Biləsuvar) (47 kq), Tovuz (46 kq), Zaqatala (43 kq) və Beyləqan (43 kq) rayonlarında da yüksək olub.
Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 6000 qutu ipəkqurdu toxumu paylanıb. Bunlardan 5 000 qutu ipəkqurdu toxumu Çindən tədarük edilib. Qax Damazlıq İpəkçilik Stansiyasında 1 000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.